Modern.az

Pezeşkian anlaşmadan danışıb: bütün öhdəliklər ABŞ-yə aiddi

Pezeşkian anlaşmadan danışıb: bütün öhdəliklər ABŞ-yə aiddi

Dünya

Bu gün, 16:25

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la əldə olunmuş son anlaşma memorandumunu “böyük nailiyyət” adlandırıb və sənəddə İranın təslim olmasını göstərən heç bir müddəanın olmadığını bildirib.

Modern.az xəbər verir ki, Pezeşkian bunu ictimai tədbirdə çıxışı zamanı deyib.

İran prezidenti ABŞ-la danışıqların nəticələrini “layiqli və dəyərli” qiymətləndirib. Onun sözlərinə görə, sənəd İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənib.

“Onlar bu anlaşmada İranın təslim olmasını göstərən heç bir bənd tapa bilməyəcəklər. Bütün öhdəliklər qarşı tərəfə aiddir”, - deyə Pezeşkian bildirib.

O qeyd edib ki, danışıqlarda birbaşa iştirak edən Ali Milli Təhlükəsizlik Şurasının üzvləri əldə olunan razılaşmaları qətiyyətlə dəstəkləyiblər.

Pezeşkian vurğulayıb ki, əldə olunan anlaşma hərbi əməliyyatların yenidən başlaması halında Tehranın təslim olmağa hazır olması anlamına gəlmir.

“İran Silahlı Qüvvələri ölkəni müdafiə etməyə tam hazırdır. Biz heç bir halda qorxutma və təzyiq qarşısında geri çəkilməyəcəyik. Son nəfəsimizə qədər müqavimət göstərəcək və sarsıdıcı cavab verəcəyik”, - İran prezidenti deyib.

Pezeşkian ABŞ-ı İrandakı məktəblərə, xəstəxanalara və infrastruktura zərbələr endirməklə beynəlxalq normaları pozmaqda ittiham edib.

Bununla yanaşı, İran prezidenti ölkə daxilində birliyin qorunmasına çağırış edib. O, iranlıları fikir ayrılıqlarına baxmayaraq, birlik nümayiş etdirməyə səsləyib.

“Birlikdə olsaq, güclüyük, parçalanarıqsa, məhv olarıq. Düşmən fikir ayrılıqlarına ümid edir. Bizim vəzifəmiz parçalanma odunun alovlanmasına imkan verməməkdir”, - Pezeşkian bildirib.

İran prezidenti müharibənin Tehranın “güc və ləyaqət” mövqeyini qoruduğu məqamda başa çatmalı olduğunu deyib.

“Bu gün güc və ləyaqət mövqeyində olduğumuz bir vaxtda müharibəni başa çatdırmaq daha yaxşıdır”, - deyə Pezeşkian əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!