Almaniya Rusiyaya qarşı 12 milyard avroluq silah arsenalı yaradır
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Rusiyanın yaratdığı təhlükə fonunda yeni uzaqmənzilli silah arsenalı yaratmağa hazırlaşır.
Politico və Die Welt Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən yazır ki, Berlin bu istiqamətdə eyni vaxtda dörd layihə üzərində çalışır.
Planlara daha ucuz qanadlı raketlərin hazırlanması, ABŞ istehsalı Tomahawk raketlərinin əldə edilməsi, Böyük Britaniya ilə birgə yeni uzaqmənzilli qanadlı raketin hazırlanması və hipersəs planlaşdırıcı döyüş blokunun yaradılması daxildir.
İlk sistemlərin 2027-ci ildən etibarən istifadəyə verilə biləcəyi, daha mürəkkəb texnologiyaların isə 2030-cu illərin ortalarında hazır olacağı bildirilir.
Sənədlərə əsasən, yeni silahlar Almaniya ordusuna cəbhə xəttindən yüzlərlə, hətta minlərlə kilometr uzaqdakı hərbi hədəfləri – komanda məntəqələri, aerodromlar, raket mövqeləri və təchizat obyektlərini vurmaq imkanı verə bilər.
Almaniya Müdafiə Nazirliyi proqramı ölkə və NATO üçün əsas prioritetlərdən biri kimi qiymətləndirir. Məqsəd nüvə silahından istifadə həddinə çatmadan tətbiq edilə biləcək güclü qeyri-nüvə cavab imkanları yaratmaqdır.
Proqramın ümumi maliyyə ehtiyacının 12 milyard avroya yaxın olduğu bildirilir. Bununla belə, Almaniya Müdafiə Nazirliyi yekun məbləği və layihələrin ayrı-ayrı detallarını təsdiqləməyib.
Məlumata görə, proqramın həyata keçirilməsi üçün Bundestaqın təsdiqi tələb olunur.