ABŞ dövlət katibi Marko Rubio amerikalı nümayəndələrin Moskva və Kiyevdə apardığı danışıqları məzmunlu adlandırıb.
Modern.az xəbər verir ki, Rubio danışıqlar zamanı Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni ideyaların irəli sürüldüyünü bildirib. Onun sözlərinə görə, tərəflər ilk dəfə bəzi təkliflərə müəyyən dərəcədə ümumi hazırlıq nümayiş etdiriblər.
“Yaxın həftələrdə danışıqların bərpası üçün yol xəritəsinin hazırlanması və bəlkə də hər iki tərəf üçün məqbul olacaq yekun həllə nail olunması imkanı var”, – ABŞ dövlət katibi qeyd edib.
Rubio danışıqları “uğurlu” və ya “uğursuz” kimi qiymətləndirmək istəmədiyini, lakin görüşlərin məzmunlu keçdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Moskvada, daha sonra isə Kiyevdə Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı müzakirələr aparıblar. Vaşinqton yaxın həftələrdə üçtərəfli danışıqların bərpasına imkan verəcək yol xəritəsinin hazırlanacağına ümid edir.