Modern.az

Zelenski ABŞ kəşfiyyatının rəhbəri ilə gizli görüşüb - Təfərrüat

Zelenski ABŞ kəşfiyyatının rəhbəri ilə gizli görüşüb - Təfərrüat

Dünya

Bu gün, 14:42

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff ilə görüşüb.

Modern.az xəbər verir ki, “Reuters”ə danışan iki məlumatlı mənbənin sözlərinə görə, görüş sentyabrın 21-də təyyarələrin yanacaq doldurmaq üçün dayandığı İrlandiyanın Şennon hava limanında baş tutub.

Mənbələr görüş zamanı hansı məsələlərin müzakirə edildiyini açıqlamayıblar.

Görüşdən sonra Zelenski Nyu-Yorka yollanıb. Onun sentyabrın 22-də ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılıb.

Retkliffin Moskvaya səfərindən sonra görüş

Con Retkliffin Zelenski ilə görüşü onun Moskvaya səfərindən bir aydan az müddət sonra baş tutub.

“Wall Street Journal”ın məlumatına görə, Retkliffi Moskvaya məhz Donald Tramp göndərib. CIA rəhbəri Rusiya paytaxtında Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə danışıqlar aparıb.

“The New York Times”ın mənbələri isə bildiriblər ki, Retkliff Ukraynadakı cəbhə vəziyyətinə “mənfi” qiymət verib və Rusiyanın hərbi və iqtisadi vəziyyəti daha da pisləşməzdən əvvəl müharibənin dayandırılması barədə razılaşmanın əldə olunmasına çağırıb.

“The Washington Post”un məlumatlı mənbələrinin iddiasına görə, Rusiyada CIA direktorunun səfəri “Putini müharibəni dayandırmağa inandırmaq cəhdi” kimi qiymətləndirilib, Vladimir Putin isə bunu zəiflik kimi qəbul edib.

Bundan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Moskva və Kiyevə səfərlər ediblər.

Lakin “Financial Times”ın mənbələrinin sözlərinə görə, ABŞ administrasiyası nümayəndələrinin yeni diplomatik səfərləri sülh prosesində ciddi irəliləyişlə nəticələnməyib.

Nəşrin mənbələri bildiriblər ki, Vladimir Putin hələ də Kiyevin Donbasdan imtina etməsini tələb edir və müharibəni yalnız öz şərtləri əsasında başa çatdırmağa hazırdır. Zelenski isə bu tələbi qəbul etməkdən imtina edir.

Trampdan neft emalı zavodlarına zərbələrlə bağlı çağırış

Bu fonda Donald Tramp bir neçə dəfə Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb.

ABŞ prezidenti bildirib ki, bu hücumlar dünya bazarında dizel yanacağının qiymətinin artmasına səbəb olur.

Zelenski isə Kiyevin deeskalasiyaya hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrdən imtina etməsi Moskvanın Ukraynanın enerji sisteminə və kritik infrastrukturuna hücumları dayandırması ilə müşayiət olunmalıdır.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı