Modern.az

Rusiya Ermənistanı küncə sıxır - Paşinyana 4 tələb irəli sürüldü

Rusiya Ermənistanı küncə sıxır - Paşinyana 4 tələb irəli sürüldü

Dünya

Bu gün, 09:30

Ermənistan-Rusiya münasibətləri geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.
Modern.az xəbər verir ki, erməni mediasında yayılan məlumatda Rusiyadakı mənbələrə istinadən Ermənistan üçün qazın qiymətinin artırılmayacağı, əvəzində noyabrın 1-dən ölkəyə qaz nəqlinin tamamilə dayandırılacağı iddia olunur.

Artıq Ermənistanda planlı təmir işlərinin aparıldığı açıqlanıb. Hazırda Ermənistanın istehlakçılarına qaz anbarlarında toplanmış ehtiyat qazın verildiyi bildirilir. İddialara görə, noyabrın 1-də hansısa böyük “qəza” və ya fors-major vəziyyət yaranacaq və bunun nəticəsində qaz təchizatı bərpa olunmayacaq.

Mənbənin sözlərinə görə, belə bir ssenarinin baş verməməsi üçün Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında 4 tələb qoyulub.

Tələblərdən biri 102-ci Rusiya hərbi bazası ilə bağlıdır. Paşinyana bu mövzudan əl çəkməsi təklif edilib.

İkinci tələb Rusiya kapitalının iştirakı olan aktivlərə qarşı addımlardan – dəmir yolu, “Qazprom” və digər sahələrdən – imtina edilməsinə aiddir. İddialara görə, Ermənistan hakimiyyəti bu məsələdən də geri çəkilməlidir.

Üçüncü tələb “Avrasiya İqtisadi İttifaqı, yoxsa Avropa İttifaqı?” dilemması ilə bağlıdır. Bu məsələdə iki yol təklif edilib: ya “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun ləğv edilməli, ya da bu məsələ ilə bağlı referendumun keçirilmə tarixi elan olunmalıdır.

Dördüncü tələb isə Rusiyayönlü şəxslərə qarşı təqiblərin dayandırılması ilə bağlıdır. Mənbə ehtimal edir ki, söhbət Robert Köçəryan, Qaqik Tsarukyan, Andranik Tevanyan və Samvel Karapetyandan gedir.

Bundan başqa, daha bir tələb irəli sürüldüyü bildirilir. Belə ki, hökumətdə Rusiya üçün məqbul olan baş nazir müavini təyin edilməli və Rusiya hakimiyyəti onunla birbaşa işləməlidir. Buna səbəb kimi Rusiya tərəfinin Ermənistan hakimiyyətinin hazırkı nümayəndələrindən məyus və narazı olması göstərilir.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq