ABŞ Prezidenti Donald Trampın keçmiş şəxsi vəkili və Nyu-Cersi üzrə federal prokuror vəzifəsini müvəqqəti icra etmiş Alina Habba türkiyəli milyarder Turhan Mildonla ailə qurub.
Modern.az xəbər verir ki, 42 yaşlı Habba ilə 29 yaşlı iş adamının dəbdəbəli toy mərasimi şənbə günü Nyu-Yorkun məşhur Waldorf Astoria otelində keçirilib və mərasimdə çoxsaylı tanınmış şəxslər iştirak edib.
Turhan Mildon 1967-ci ildə babası tərəfindən təsis edilmiş böyük beynəlxalq türk konqlomeratı Miller Holdinqin baş direktorudur.
Toy mərasimi Waldorf Astoria-nın dördüncü mərtəbəsindəki bal zalında keçirilib. Zal çəhrayı və ağ sakura çiçəklərindən hazırlanmış kompozisiyalar və yüzlərlə qırmızı qızılgüllə bəzədilib.
Məşhur tədbir təşkilatçılarından birinin hesablamalarına görə, yalnız zalın icarəsi, musiqi və çiçək dekorasiyasına ən azı 1 milyon dollar xərclənib. Bu məbləğə qonaqlar üçün otel otaqları və otelin digər məkanlarının icarəsi daxil deyil.
Sonradan toyun ümumi xərcinin təxminən 10 milyon dollar təşkil edə biləcəyi bildirilib. Mərasimin bəzədilməsi üçün dünyanın müxtəlif ölkələrindən gətirilən təxminən 900 min ədəd təzə çiçəkdən istifadə olunub.
Toyda 30 musiqiçidən ibarət orkestr çıxış edib. Cütlüyün ilk rəqsi üçün isə Fransadan xüsusi olaraq müğənni dəvət olunub və o, Heir Encore mahnısını ifa edib.
Qonaqlar üçün də zəngin menyu hazırlanıb. Şam yeməyi zamanı ilk olaraq hər qonağa ayrıca kürü bankası təqdim olunub.
Toyda Trampın yaxın çevrəsindən olan bir sıra tanınmış şəxslər də iştirak edib. Onların arasında FTB direktoru Kaş Patel, ABŞ-nin baş prokuroru Todd Blanş, prezidentin müşaviri və xüsusi köməkçisi Marqo Martin, həmçinin baş prokurorun vətəndaş hüquqları məsələləri üzrə köməkçisi Harmit Dillon olub.
Mərasimə əfsanəvi boksçu Mayk Tayson da dəvət olunub. Toydan sonra keçirilən qapalı ziyafətdə isə yeni evlənənlər üçün üçqat “Qremmi” mükafatı laureatı, reper Nelli çıxış edib.
ABŞ Prezidenti Donald Tramp özü mərasimdə iştirak etməyib.
Trampın keçmiş şəxsi vəkili olan Habba toy günü üç fərqli gəlinlik geyinib.
Mərasimdən bir neçə saat əvvəl onun iki övladı – qızı Xloya və oğlu Lük – Waldorf Astoria otelinin foyesində otel əməkdaşının müşayiəti ilə görünüblər.
Gəlinin toy öncəsi görünüşü dəbdəbəsi ilə diqqət çəkib. Ötən həftə Habba və Mildon Uest-Palm-Biçdəki bahalı Polo Room restoranının qarşısında görüntüləniblər. 42 yaşlı qadının barmağında ən azı 23 karat olduğu təxmin edilən iri brilyant nişan üzüyü olub. Onun obrazını təxminən 30 min dollar dəyərində dəvəquşu dərisindən hazırlanmış çəhrayı Hermès Birkin çantası tamamlayıb.
KİV-in məlumatına görə, gələcək həyat yoldaşları bu ilin əvvəlində Vaşinqtonda Kennedi Mərkəzində keçirilən tədbirdə tanış olublar. Onlar apreldə ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar. Bu, Ağ Ev müxbirləri assosiasiyasının silahlı şəxsin binaya daxil olmağa cəhd etməsindən sonra vaxtından əvvəl dayandırılan şam yeməyi olub.
Bu, Habb üçün üçüncü evlilikdir. Onun ilk həyat yoldaşı vəkil Metyu Ayet olub. Cütlük 2019-cu ildə boşanıb. Habbanın iki övladının atası da məhz odur.
Daha sonra Habba parkinq biznesi ilə əlaqəli şirkətin sahibi, iş adamı Qreqq Rubenlə evlənib. Bu münasibət də boşanma ilə nəticələnib. Habba ötən ilin dekabrında Nyu-Cersi üzrə federal prokurorluğun rəhbəri vəzifəsindən ayrıldıqdan sonra onların münasibətləri sona çatıb.
