Modern.az

Ukrayna ordusu irəlilədi - Rusiya bölmələri mühasirə təhlükəsində

Ukrayna ordusu irəlilədi - Rusiya bölmələri mühasirə təhlükəsində

Dünya

Bu gün, 09:59

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində 2022-ci ildən, yəni Rusiya ordusunun Xerson və Xarkov vilayətlərində əraziləri itirdiyi dövrdən bəri ən genişmiqyaslı hücumlardan birini həyata keçirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Vivaldi” əməliyyatı çərçivəsində Ukrayna ordusu Liman yaxınlığındakı çıxıntı ərazidə Rusiya qüvvələrini geri çəkilməyə məcbur edib və Slavyanska doğru irəliləyən Rusiya bölmələrinin mühasirəyə düşməsi təhlükəsini yaradıb. OSINT-analitik Klemant Molenin hesablamalarına görə, Ukrayna ordusu bu əməliyyat zamanı 2023-cü ildəki əks-hücum zamanı azad etdiyi ərazidən iki dəfə çox əraziyə nəzarəti bərpa edib.

Qeyd olunur ki, üç il əvvəl Ukrayna NATO-dan tank və digər hərbi texnika aldıqdan sonra əsas məqsədlərindən biri Rusiyanın Krıma quru dəhlizini kəsmək və Azov dənizinə çıxmaq olub. Bununla da Rusiya qoşunlarının qruplaşmasının iki hissəyə bölünməsi planlaşdırılıb. Lakin əməliyyat Rusiyanın çoxqatlı müdafiə xəttini yarmaq mümkün olmadığından uğursuzluqla nəticələnib.

İndi isə Ukrayna Silahlı Qüvvələri Kremlin əsas əhəmiyyət verdiyi Donbas istiqamətində Rusiya qüvvələrinin nəzarətində olan 240 kvadratkilometr ərazini geri qaytara bilib. Bu barədə Rochan Consulting-in hesablamalarında bildirilir.

Bundan başqa, Rusiya qoşunları fevral ayından etibarən Dnepropetrovsk vilayətində daha 430 kvadratkilometr əraziyə nəzarəti itirib. Klemant Molen Rusiya ordusunun “Qərb” qruplaşmasının bu il “əhəmiyyətli məğlubiyyətə uğradığını” yazıb.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Donbasın iki əsas şəhərindən biri olan Slavyanskin təhlükəsizliyini təmin etməyə yaxınlaşıb və cəbhə xəttini şəhərdən uzaqlaşdırıb. Liman isə şimal Donbas üçün strateji əhəmiyyət daşıyan əsas məntəqə kimi artıq yaxşı müdafiə olunur və təchizat imkanları qorunur. Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı Andrey Biletski bazar ertəsi bildirib ki, “Vivaldi” əməliyyatının üçüncü mərhələsi çərçivəsində daha 51 kvadratkilometr ərazi azad edilib və 250 Rusiya hərbçisi əsir götürülüb.

Biletskinin sözlərinə görə, Rusiya tərəfi əsas zərbənin Şandriqolovo–Zelyonaya Dolina istiqamətində endiriləcəyinə əmin olub.

“Bu, onları ehtiyat qüvvələrini məhz həmin istiqamətdə əks-hücumlara mənasız şəkildə sərf etməyə məcbur etdi. Rusiya qüvvələri əsl zərbəni, yəni Novoye istiqamətindəki hücumu gözləmirdi”, – deyə o bildirib.

Komandanın sözlərinə görə, müdafiə xəttinin yarılması zamanı robotlaşdırılmış kamikadze komplekslərdən də istifadə olunub. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertlərinin fikrincə, Ukraynanın cəbhədə əldə etdiyi nəticələr Vladimir Putini müharibədə qələbə strategiyasına yenidən baxmağa məcbur edə bilər.

ISW bildirir ki, əgər əvvəllər Rusiya Prezidenti Donbasın şəhər-qalaları istiqamətində Ukrayna ordusunun müdafiəsinin çökməsinə nail olmağa ümid edirdisə, hazırda Moskva 2026–2027-ci illərin qışında uzaqmənzilli zərbələr strategiyasına daha çox güvənir. Ekspertlərə görə, məqsəd Ukraynanı təslim olmağa məcbur etməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?