Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın cəbhədəki ordusunu gücləndirmək üçün faktiki olaraq əlavə səfərbərliyə başladığını bildirib.
Modern.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya müxtəlif üsullarla orduya cəlb olunanların sayını artırır və xarici vətəndaşların müharibəyə daha fəal şəkildə cəlb edilməsini planlaşdırır.
Ukrayna lideri Rusiyanın müharibə üçün hərbi qulluqçu cəlb etdiyi ölkələrin hakimiyyətlərini bu barədə məlumatlandıracağını və həmin dövlətləri bunun qarşısını almağa çağıracağını bildirib.
Zelenski həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yeni məlumatlarına əsasən, Şimali Koreyanın Rusiyaya daha 10 min hərbçi göndərməyə hazırlaşdığını deyib. Onun sözlərinə görə, hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisi var.
V.Zelenskinin sözlərinə görə, Kreml bütün bunların müqabilində texnologiyalarla “ödəniş edir”. O bildirib ki, bu yardımla bağlı razılaşmalar çərçivəsində Şimali Koreyada “Shahed” tipli zərbə dronlarının istehsalı qurulub.
Bu səbəbdən Ukrayna Prezidenti ABŞ və Avropa İttifaqı da daxil olmaqla müttəfiqləri Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə çağırıb.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Kremlin “gizli səfərbərliyə” başladığını açıqlayıb. Onun qiymətləndirməsinə görə, ilin sonuna qədər Ukraynaya qarşı müharibəyə təxminən 300 min yeni çağırışçı göndərilə bilər.
Brovdinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Donbası yaz aylarına qədər ələ keçirmək niyyətini açıqladığı üçün mümkün qədər sürətli hərəkət etməyə çalışacaq. Bu səbəbdən səfərbər olunanların lazımi hazırlıq keçmədən cəbhəyə göndərilə biləcəyi iddia edilir.
Sentyabrın ortalarında ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Rusiyanın Donbasa təzyiqi artırmaq və öz qüvvələrinin bir hissəsini azad etmək məqsədilə Şimali Koreya hərbçilərini Sumı və Xarkov istiqamətinə yerləşdirə biləcəyini yazıb.