Ermənistanda benzinin qiymətinin son günlərdə rekord səviyyəyə yüksəlməsinin beynəlxalq neft bazarındakı dəyişikliklərlə tam izah olunmadığı bildirilir.
Modern.az xəbər verir ki, sentyabrın 28-nə olan məlumata görə, Ermənistandakı yanacaqdoldurma məntəqələrində “Regular” markalı benzinin litri 600 dram, “Premium” 620 dram, dizel yanacağının litri isə 710 dramdan satılır.
“Beynəlxalq birjalarda bir barel neftin qiymətində müəyyən dəyişikliklərin bir litr benzinin və ya bir litr dizel yanacağının qiymətinə təsiri son dərəcə cüzidir. Maksimum 20-30 dram təsir edə bilər. Lakin may ayında dizel yanacağının 450 dram, hazırda isə 710 dram olduğunu xatırlasaq, Ermənistanda artım 250 dram təşkil edib. Bu isə 10 dəfədən çoxdur. Deməli, belə bahalaşmada beynəlxalq qiymət amilini sadəcə olaraq istisna edirik”, - deyə iqtisadçı ekspert Nairi Sarkisyan bildirib.
O, Ermənistanda “bəzi insanların vəziyyətdən sadəcə istifadə etdiyini” də istisna etməyib.
Ekspert bazarda yaranmış vəziyyətə görə əsas məsuliyyəti hakimiyyətin üzərinə qoyub. Onun sözlərinə görə, hakimiyyət yanacaq bazarında rəqabətə zidd razılaşmaların qarşısını almaqla yanaşı, “bu prosesin iştirakçısına çevrilir”.
Ekspert yanacaq bazarında qiymətlərin nəzarətsiz artmasının səbəblərindən biri kimi bazarın liberallaşdırılmasını da göstərib.
Onun sözlərinə görə, əvvəllər benzin və dizel yanacağı tamamilə Rusiyadan həmin ölkənin daxili bazar qiymətləri ilə alındığından, Ermənistanda belə kəskin qiymət dəyişiklikləri demək olar ki, mümkün deyildi. Hazırda isə liberallaşma adı altında yanacaq müxtəlif ölkələrdən və daha yüksək qiymətlərlə idxal olunur.