Rusiyanın hava hücumundan müdafiə sistemlərinin “Mi-8” hərbi helikopterini vurduğu və nəticədə ekipajın həlak olduğu bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Fighterbomber” adlı hərbi kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, helikopter pilotsuz uçuş aparatlarının (PUA) hücum ərazisindən çıxarılmağa çalışılıb. Digər hərbi mənbə olan “Helicopterpilot” isə yazıb ki, helikopterin bazalandığı ərazidə dron hücumundan uzaqlaşdırılmasına cəhd edilib.
Hadisənin Voronej vilayətinin Anninski rayonunda baş verdiyi bildirilir. “112” və “İzvestiya” kanalları helikopterin qəzaya uğradığını və üç ekipaj üzvünün öldüyünü yazıblar.
“Mash” kanalı onların pilot, şturman və nişançı olduğunu qeyd edib.
Hadisənin səbəbi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. “Fighterbomber” kanalında helikopterin “dost-düşmən” sistemindəki nasazlığın hava hücumundan müdafiə qüvvələrinin atəş açmasına səbəb ola biləcəyi bildirilib.
Digər ehtimal kimi pilotların uçuş rəhbərinin və ya aviasiyanın yönləndirilməsi məntəqəsinin helikopterin geri çəkilməsi ilə bağlı göstərişlərini yerinə yetirməməsi göstərilir.
Qeyd edək ki, bunlar ilkin məlumatlar və hərbi mənbələrin irəli sürdüyü ehtimallardır. Hadisənin rəsmi səbəbi açıqlanmayıb.