Bu gün türk torpağı olan Krım od içindədir. Orada düşən hər bir atəş bizi yandırır. Krım tatarı olduğuna görə Rusiya FTX-sının zirzəmilərində əzablar çəkən hər bir krım tatarı bizim qardaşımız, bacımız, canımız-ciyərimizdir.
Taleyin ironiyasına bax ki, 1944-cü ildə Stalinin əmri ilə bir gecənin içərisində boşaldılan Krım bu gün də Rusiya Federasiyasının tərkibində yanır. 2014-cü il martın 18-də Vladimir Putin qeyri-qanuni referendum keçirərək, yenə də Krımı Ukraynanın tərkibindən çıxararaq işğal etdi. O gündən bu günə krım tatarları Rusiya Federasiyasının məhkumudurlar. Bu xalq və Krım Rusiya tərəfindən həbs olunub.
İndi Krım tatarlarının bir çox azadlıqları əllərindən alınıb.
1917-ci ildə olduğu kimi...
Aşağıda təqdim etdiyim qəzet səhifələrini Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindən əldə etmişəm.

1917-ci ildə Krım Müsəlmanları İcraiyyə Komitəsinin «Голос татар» – “Tatarın səsi” adlı qəzeti çıxırdı. Azərbaycan Demokratik Respublikası qurulduğu ilk ildə böyük uzaqgörənlik edərək, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında Qafqaz müsəlmanlarına qarşı rus siyasətinə dair sənədlərin toplanması üçün xüsusi komissiya” yaradır.
Komissiya türk və müsəlmanların Rusiya hökuməti tərəfindən necə sıxışdırılması, sürgün edilməsi, torpaqlarının əllərindən alınması, onlar haqqında verilən sərəncam və fərmanları toplaya bilir. O sənədlər bu gün bizə tarix boyu Rusiya adlı bir imperiyanın başımıza gətirdiklərini xatırladan çox güclü şahid və yaddaş vərəqələridir.
1917-ci ildə redaktoru İbrahim Özenbaşlı olan “Tatarın səsi” qəzetində diqqətimi cəlb edən məqalələrdən biri də “Ukraina və Krım” məqaləsi oldu. Həmin məqaləni olduğu kimi tərcümə edib oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Cənubi Krımın “Cənub xəbərləri” qəzetinin 165-ci sayında belə bir qeyd vardır:
“Ukrayinanın Radasına bir qrup müsəlman müraciət edərək, onların Krım Muxtariyyətini yaratmaq müraciətlərini dəstəkləmək istədiklərini bildiriblər. Müsəlmanlar öz ərazilərinin Ukraynaya birləşməyini istəyirlər.
Müsəlmanlar Radaya Krımda və Simferopolda yerləşən bütün müsəlman və əsgərlərin məruzələrini təqdim ediblər. Məruzədə qeyd olunub ki, Krımda və Simferopolda yaşayan əsgərlərdən və müsəlmanlardan ibarət hərbi hissə yaratmaq istəyirlər. Buna görə vilayətin qərargahında müsəlman komissarlığı, müsəlmanlardan ibarət komanda heyəti, eləcə də xəstəxanalarda həkim heyəti olmalı, polk komandiri müsəlman icraiyyə komitəsi tərəfindən seçilməlidir.
Biz bilirik ki, Baş katiblik Krımın muxtariyyət istəməsinə görə müsəlmanları qınayacaq. Bu məsələnin, Krım ərazisinin Ukraynaya birləşdirilməsinin mərkəzi hakimiyyət qarşısında qaldırılmasını doğru hesab etməyəcəklər. Lakin biz, Müvəqqəti Krım Müsəlman İcraiyyə Komitəsinin üzvləri bəyan edirik ki, biz hələ Ukrayna Radasına deputat göndərməmişik.”

Bu daşdan və qılıncdan da güclü sənəd göstərir ki, dünənki və bugünkü Rusiya hökuməti aradan 100 ildən çox zaman keçməsinə baxmayaraq, öz siyasətini dəyişməyib. Bu gün də əlinə keçirdiyi, işğal etdiyi torpaqlarda vətəndaşların haqqını yeyir, hüququnu əlindən alır və özünün xəstə ambisiyalarına görə, əsasən türk xalqlarına mənsub olan əhalini gedər-gəlməz müharibə alovuna göndərərək türk soyunu kəsir, 1937-ci ildə olduğu kimi türkləri yenə soyqırıma məruz qoyur.
Hər bir halda, arzu edirik ki, bu zülmün sonu olsun! Krım tatar xalqı da, digər xalqlar da rus şovinizmi və işğalından xilas olsunlar!