Modern.az

Ağdamın timsalında bütün dünyaya örnək olacaq şəhər qurulur

Ağdamın timsalında bütün dünyaya örnək olacaq şəhər qurulur

Ölkə

Bu gün, 17:42

Altı il əvvəl, 2020-ci il noyabrın 20-də Azərbaycanın tarixi Zəfəri ilə Ağdam yenidən azadlığına qovuşdu. 27 ildən artıq davam edən işğala son qoyuldu, doğma yurdlarından didərgin düşmüş minlərlə soydaşımızın qayıdışına yol açıldı.

Ağdam 1993-cü il iyulun 23-də işğal edilmişdi. Belə ki, rayon ərazisinin 73 faizi, o cümlədən şəhər mərkəzi və 90 kənd işğal olunmuş, 128 minə yaxın insan doğma torpaqlarından didərgin düşmüşdü. Vaxtilə Qarabağın ən abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal dövründə sistemli şəkildə dağıdıldı, tarixi-mədəni irsi talan edildi. Məhz bu vandallığa görə şəhər “Qafqazın Xirosiması” adlandırıldı. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan uzun illər beynəlxalq hüququn tələblərinə məhəl qoymadı. Lakin Azərbaycan xalqı öz torpaqlarına qayıtmaq əzmindən dönmədi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağdamı Azərbaycana təhvil verməyə məcbur oldu. 

Noyabrın 23-də şəhərə səfər edən Prezident İlham Əliyev Dövlət Bayrağımızı ucaltdı və Ağdam Cümə məscidində oldu. Həmin gün dövlət başçımız bəyan etdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq.

Təsadüfi deyil ki, Ağdamın 2040-cı ilədək inkişafına dair Baş plan əsasında şəhərdə müasir yaşayış məhəllələri, yollar, məktəblər, xəstəxanalar, parklar və sosial infrastruktur yaradılır. Gələcəkdə şəhərdə 100 min nəfərədək insanın yaşaması nəzərdə tutulur. Ağdam Sənaye Parkında yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yüzlərlə insanın işlə təmin edilməsi bölgənin iqtisadi dirçəlişinə töhfə verir. İstifadəyə verilən obyektlər şəhərin nəqliyyat, mədəniyyət və turizm potensialını genişləndirir. Dövlət başçımız da bildirib ki, Ağdam Bakı, Sumqayıt və Gəncədən sonra yəqin ki, dördüncü sənaye mərkəzi olacaq.

Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və kəndlərinə köç prosesi də davam edir. 2026-cı ilin noyabrına olan məlumata görə, rayonun şəhər və kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin, eləcə də yaşayış komplekslərinin istifadəyə verilməsi doğma yurda qayıdan ailələrin yeni həyatının başlanğıcıdır.

2026-cı il noyabrın 7-də Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olması, yeni istehsal müəssisələrinin açılışında iştirakı bölgənin sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir. 

Ağdamın bərpası həm də Qarabağın mədəni kimliyinin bərpasıdır. İmarət Kompleksinin, Ağdam Cümə məscidinin və tarixi abidələrin bərpası, Muğam Mərkəzinin istifadəyə verilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Dörd il əvvəl-2022-ci ildə Ağdamda keçirilən Milli Şəhərsalma Forumundakı çıxışı zamanı ölkə başçısı bir daha dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə yönəldərək bildirdi ki, “Ağdamda yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər.

Əsas məqsədlərdən biri də bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır. 

30 ilə yaxın müddətdə xarabalığa çevrilən Ağdam məhz Azərbaycan bayrağı altında bu gün ən inkişaf etmiş, müasir sənaye mərkəzinə çevrilməkdədir.

Nigar Məmmədova,
Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!