Genişmiqyaslı kommunal böhran təhlükəsi fonunda paytaxt sakinlərinə başqa yerə köçmək tövsiyə olunur.
Modern.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
O, paytaxt sakinlərinə müvəqqəti olaraq digər yaşayış məntəqələrində yaşayan qohumlarının və ya tanışlarının yanına köçmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.
Merin sözlərinə görə, su təchizatı ilə bağlı vəziyyət daha da pisləşə və şəhərin normal fəaliyyətinə təhlükə yarada bilər. Bununla belə, Kiyev hakimiyyəti hələlik əhalinin tam təxliyəsi məsələsini nəzərdən keçirmir.
Xatırladaq ki, Kiyevə silsilə zərbələr endirildikdən sonra şəhərdə genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Metro və yerüstü elektrik nəqliyyatının fəaliyyəti dayandırılıb, su təchizatında fasilələr yaranıb və kanalizasiya sistemində problemlər meydana çıxıb.
Ukraynanın energetika naziri də enerji infrastrukturunun əsas obyektlərindən birinin zədələndiyini bildirib.