Gədəbəydə ailə faciəsi ilə nəticələnən avtomobil qəzası baş verib.
Bu barədə Modern.az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 13-ü saat 22:00 radələrində,Çanaqçı kəndi ərazisində baş verib. Belə ki, Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər-sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onlara nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini xatırladıb, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırıb.