Modern.az

“Sabah” - “Qarabağ” oyununda penalti vardımı? - Jurnalistlərin CAVABI

“Sabah” - “Qarabağ” oyununda penalti vardımı? - Jurnalistlərin CAVABI

İdman

Bu gün, 13:35

Dünən axşam Azərbaycan kubokunun yarımfinaında "Sabah" klubu ilə "Qarabağ" arasında keçirilən cavab matçı qalmaqalla yadda qaldı. "Sabah"ın 2:1 hesabı ilə qalib gəldiyi oyunun hakimliyi böyük müzakirələrə səbəb olub. Baş hakim Rəvan Həmzəzadənin oyunun son dəqiqələrindəki bir epizoda görə "Sabah"ın qapısına penalti zərbəsi təyin etməməsi onu hədəfə çevirib. İdman ictimaiyyətnin dünəndən bəri davam etdirdiyi müzakirələrdə əksəriyyət Rəvan Həmzəzadəni qınayır, ittiham edir, hətta söyür...

Məlum epizodda top "Sabah"ın oyunçusunun əlinə dəymişdi, lakin hakim "Qarabağ" xeyrinə penalti təyin etmədi... Qeyd edək ki, həmin epizoda daha yaxın olan hakimin haqlı olduğunu düşünənlər də var...

Bəs idman jurnalistləri bu epizodla bağlı nə düşünürlər?

Modern.az saytı onların da fikrini təqdim edir:


Qol.az saytının redaktoru Aydın Bağırov hesab edir ki, həmin epizodda "Sabah"ın qapısına penalti zərbəsi təyin olunmalı idi.

“Yadıma salmaq istəyirəm ki, son illər Azərbaycan hakimliyini bu qədər hörmətdən salan, onun nüfuzunu iki qəpiklik edən qərarlar olmuşdu? Xatırlaya bilmirəm”, - deyə o bildirib.

Jurnalistin fikrincə, dünənki “Sabah” - “Qarabağ” oyunu hakimliyin rəzaləti ilə yadda qaldı.
 
“Guya hakim olan Rəvan Həmzəzadə və guya hakim olan Kamranbəy Rəhimov 90+6-cı dəqiqədə “Qarabağ”ın halal penaltisini vermədi.
Yəqin AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov yenə qətiyyətlə deyəcək: “Hakim səhv edib”.
Amma Rəhim Həsənov daha bu gərgin ortamı malalamaqdan qaçsa yaxşı olar. Çünki onun açıqlamaları artıq urvatsız və hörmətsiz olub. Öz hakimlərinin sayəsində".


Komanda.az saytının baş redaktoru Rəşad Ergün:

“Acığı, hirsi, hikkəni bir tərəfə buraxıb, soyuq başla "Sabah" - "Qarabağ" matçında yaşananlara dönsək, əksəriyyətin iddia etdiyinin - mən də dünən oyunun təsiri ilə çox da fərqli düşünmürdüm - əksinə olaraq, o epizodda penalti verilməməli idi. Necə ki, verilmədi. Bu mövsüm müxtəlif komandaların oyunlarında bir neçə oxşar, hətta eyni epizodlar olub və hakimlər penalti nöqtəsini göstərməyib: yaxın məsafə, rəqib futbolçunun topa qəsdən toxunmamaq niyyəti və sair səbəblərdən. Baxa bilərsiz mövsüm ərzində buna oxşar epizodlara.

Amma düşünürəm ki, Koxalskinin qırmızı vərəqə ilə meydandan qovulması ağır qərar idi. Belə oyunlarda hakimlər təkcə qaydaları yox, futboldan zövq almaq istəyən azarkeşləri də nəzərə almalıdır. Axı bu oyun hər kəsdən əvvəl azarkeşlər üçündür. Üstəlik, "Sabah"ın futbolçusu birbaşa qapıya zərbə vurmurdu, topun "çərçivə"yə getməsu ehtimalı demək olar ki, yox idi.

Nəhəyət, sosial şəbəkəyə söyüş, təhqir əlindən girmək olmur az qala. Kimin kimdə acığı, alacağı, verəcəyi var, fürsət bu fürsət deyib, hücuma keçib. Kənardan pis görünür. Sakitləşin bir az, bəylər, xanımlar. Xüsusən də, jurnalist yoldaşlar. Sonra şikayət edirsiz ki, azarkeşlər də gəlib özünü mütəxəssis kimi göstərir. Jurnalist özü özünü azarkeş qəlibinə salmamalıdır”.


Rekord.az saytının redaktoru Anar Xanlarov isə həmkarlarından fərqli düşünür:

“Yenə emosiyalar coşub, aləm qarışıb bir-birinə, məncə bir az sakitləşməliyik. Azarkeşlərin hisslərini, emosiyalarını, reaksiyalarını gözəl başa düşürəm, normaldı. Amma hadisələrə ayıq başla, real yanaşmalıyıq. "Qarabağ" da bizimdi, "Sabah" da, heç biri düşmən ölkənin komandası deyil...
...Baş hakim Rəvan Həmzəzadə ən bəyəndiyim hakimlərdən biridir, hər xırda şeyə görə oyunu saxlamır, komandalara oynamağa imkan verir, oyunun tempini "öldürmür". Dünən də ağır bir oyunun öhdəsindən gəldiyini düşünürəm. Müzakirə olunan konkret iki epizodla bağlı siə düşünürəm:

1. Koxalskiyə verilən qırmızı vərəqə.

Sual versəm ki, qayda pozuntusu var idi, böyük əksəriyyət deyəcək ki, bəli. Hakim də bunu qeydə aldı? Aldı. "Niyə "sarı" yox, "qırmızı" verdi" deyirsinizsə, o zaman futbol oyun qaydalarını oxumaq lazımdı. Orda rəqibi aşkar qol imkanından məhrum etmə ilə bağlı hər şey konkret yazılıb. Koxalski epizodda “Qarabağ” üçün sonuncu ümid idi. Həmin “ümid” də aşkar foul edir. Hakim sadəcə, epizodun sonunu izləyir. Əgər qol olsaydı, o zaman göstərilən vərəqənin rəngi sari olacaqdı. Epizod qol olmadığı üçün “rəqbi aşkar qol imkanından məhrum etmə” bənd qüvvəyə minir və Koxalski qaydalara uyğun olaraq meydançadan qovulur.

2. Əl epizodu.

Yenə qaydalara baxmaq lazımdı... FİFA-nın son təlimatında da əllə oyun haqda qaydada hər şey açıq şəkildə izah olunub. Orada hansı halda əllə oyun, hansı halda əlin təbii vəziyyətdə olduğu göstərilib. 4, 5, 7 və 8-ci qaydalar əlin təbii vəziyyəti hesab olunur. Yəni top bu hallarda futbolçunun əlinə dəyərsə, penalti təyin olunmur. Hələ mən onu qoyuram kənara ki, futbolçunun əllə oynamaq kimi niyyəti yox idi, məsafə yaxın idi. Mən sırf qaydalarda deyiləni deyirəm. Epizoda da baxsaq görərik ki, “Sabah”ın futbolçusunun əli 4 və 8 vəziyyətində idi. Deməli, hakim qaydalara görə penalti təyin etməməklə düzgün qərar qəbul edib. Bu qədər sadə”.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!