Modern.az

Azad edilmiş ərazilərdə vergi güzəştlərinə məhdudiyyətlər qoyulur

Azad edilmiş ərazilərdə vergi güzəştlərinə məhdudiyyətlər qoyulur

Ölkə

Bu gün, 09:26

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsi dəyişdirilir.

Modern.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə verilən mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi üzrə güzəştlərin tətbiqi dəqiqləşdirilir.

Belə ki, sadələşdirilmiş vergidən azadolma Vergi Məcəlləsinin konkret maddələrində göstərilən vergi ödəyicilərinə şamil olunacaq.

Digər dəyişiklik həmin ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri ilə bağlıdır. Mövcud qanunvericilikdə həmin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 10 il müddətinə vergidən azaddır. Yeni layihəyə əsasən, güzəşt yalnız işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən fəaliyyət üzrə əldə edilən dividend gəlirlərinə tətbiq olunacaq.

Bundan başqa, topdansatış ticarət, tikinti və xidmət sahələrində vergi azadolmasının tətbiqi şərtləri sərtləşdirilir. İşğaldan azad edilmiş ərazilərdən kənarda fəaliyyət göstərən şəxslərə təqdim edilən mallara, işlərə və xidmətlərə münasibətdə güzəştlərin tətbiqi məhdudlaşdırılır.

Layihəyə əlavə edilən 227.6-cı maddəyə əsasən, vergi güzəştlərini məhdudlaşdıran müddəalar həm işğaldan azad edilmiş ərazilərin, həm də Naxçıvan Muxtar Respublikasının rezidentlərinə şamil ediləcək.

Bu məhdudiyyətlər rezidentlərin digər ərazidə eyni növ fəaliyyətlə məşğul olması, eləcə də bir ərazinin rezidentinin digər ərazinin rezidentinə mal, iş və xidmət təqdim etməsi hallarını da əhatə edəcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!