Modern.az

Messinin çimizdirdiyi dünya ulduzu: Lamin Yamalın inanılmaz hekayəsi

Messinin çimizdirdiyi dünya ulduzu: Lamin Yamalın inanılmaz hekayəsi

İdman

Bu gün, 10:44

Dünya futbolunda istedadlı oyunçular həmişə olub. Ancaq elə futbolçular var ki, onları sevdirən təkcə vurduqları qollar, möhtəşəm driblinqlər və ya qazandıqları titullar olmur. Cəmi 18 yaşında olmasına baxmayaraq, Lamin Yamal artıq milyonlarla insanın rəğbətini qazanan belə futbolçulardandır.

O, yoxsul məhəllədən çıxıb dünya futbolunun zirvəsinə yüksələn gənc olmaqla yanaşı, ailəsinə, doğulduğu məhəlləyə və köklərinə bağlılığı ilə də diqqət çəkir. Məhz buna görə Yamal bu gün təkcə "Barselona"nın və İspaniya millisinin ulduzu deyil, həm də yeni nəslin ən sevilən futbol simalarından birinə çevrilib.

Ötən gün 18 yaşlı Lamin Yamal dünya çempionatındanın yarımfinal mərhələsində uğurlu çıxışı ilə də diqqət çəkdi. Futbolçu Fransa millisi ilə matçda komandasına on bir metrlik cərimə zərbəsi qazandırdı və turnir boyu stabil oyunu ilə yadda qalır.

Modern.az xatırladır ki, bu uğurun arxasında isə çoxlarının bilmədiyi çətin uşaqlıq illəri, yoxsulluq, ailə dramı və böyük zəhmət dayanır.

Yoxsul məhəllədə başlayan həyat

Lamin Yamal Mərakeşli ata Munir Nəsrui və Ekvatorial Qvineyadan olan ana Şeyla Ebananın ailəsində Barselonada dünyaya gəlib. Atası rəngsaz, anası isə ofisiant işləyirdi.

Ailə Barselonanın Rokafonda adlı, əsasən miqrantların yaşadığı məhəlləsində məskunlaşmışdı. İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, burada yaşayan insanların təxminən yarısı yoxsulluq həddində yaşayırdı.

Yamal cəmi üç yaşında olarkən valideynləri ayrılıb. Buna baxmayaraq, onlar övladlarının tərbiyəsində birlik nümayiş etdiriblər. Lamine anası ilə Qranolyersdə yaşasa da, atası ilə vaxt keçirmək üçün tez-tez Mataroya gedirdi.

Dörd yaşında başlayan futbol nağılı

Yamal futbola cəmi dörd yaşında "La Torreta" klubunda başlayıb.

Altı yaşında isə onun həyatı tamamilə dəyişib. "Barselona" skautları bu balaca istedadı izlədikdən sonra onu məşhur "La Masia" akademiyasına dəvət ediblər.

Akademiyada keçirdiyi ilk illərdən hamı anlayırdı ki, qarşılarında adi futbolçu yoxdur.

Məşqçisi Albert Puik sonralar bunu belə xatırlayırdı:

"Onun digərlərindən yaxşı olması məni təəccübləndirmirdi. Məni heyrətləndirən o idi ki, illər keçdikcə aradakı fərq azalmaq əvəzinə daha da böyüyürdü".

Bu sözlər sonradan öz təsdiqini tapdı.

            

Xavi 15 yaşlı istedadı əsas komandaya çıxardı

Yamal "La Masia"nın bütün yaş qruplarında rekordlar qırırdı. Bir mövsümdə 30 oyunda 56 qol vurması onu akademiyanın ən parlaq istedadına çevirmişdi.

"Barselona"nın o vaxtkı baş məşqçisi Xavi Ernandes cəmi 15 yaşlı futbolçunu əsas komandanın məşqlərinə dəvət etdi. Bir müddət sonra isə Yamal klub tarixinin ən gənc futbolçularından biri kimi debüt etdi.

Klub onun gələcəyinə o qədər inanırdı ki, müqaviləsinə 1 milyard avroluq sərbəstqalma maddəsi əlavə edildi.

Yamalın istedadı qısa müddətdə yalnız "La Masia"da deyil, bütün futbol aləmində müzakirə olunmağa başladı. Onu əsas komandaya çıxaran Xavi Ernandes gənc futbolçu haqqında bunları demişdi:

"O, seçilmiş futbolçulardandır. Məndə Messi və Neymarı xatırladı".

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola isə Yamalı "çox nadir doğulan futbolçulardan biri" adlandıraraq bildirib ki, onun dünya futbolunda uzun illər söz sahibi olacağına inanır.

Futbolun ən nüfuzlu mütəxəssislərindən sayılan Marselo Byelsa da Yamalın fərdi keyfiyyətlərini Lionel Messi ilə müqayisə edib. O, gənc futbolçunun bir neçə rəqibin əhatəsində olsa belə, oyunun taleyini təkbaşına dəyişmək bacarığına malik olduğunu vurğulayıb.

Maraqlıdır ki, rəqiblər də Yamalın gücünü etiraf edirlər. "Real Madrid"in və Belçika millisinin qapıçısı Tibo Kurtua bildirib ki, Lamin Yamalı dayandırmaq üçün bir müdafiəçi kifayət etmir. Onun sözlərinə görə, belə futbolçuya qarşı həmişə iki nəfərlə oynamaq lazımdır.

Üç ölkə, bir kimlik

Lamin Yamal haradan gəldiyini heç vaxt unutmur.O, "Barselona" forması ilə meydana çıxarkən butslarında hər zaman üç ölkənin bayrağını daşıyır:

İspaniya – doğulduğu ölkə;

Mərakeş – atasının vətəni;

Ekvatorial Qvineya – anasının doğulduğu torpaq.

Bu seçim onun üçün sadəcə dizayn elementi deyil, ailəsinə, keçmişinə və köklərinə ehtiramın ifadəsidir.

"304" – bütün dünyanın maraqlandığı sirr

Yamal qol vurduqdan sonra əlləri ilə "304" rəqəmini göstərən xüsusi sevinc nümayiş etdirir.

Bir çox azarkeş əvvəlcə bunun gizli mesaj olduğunu düşünürdü. Əslində isə "304" onun böyüdüyü Rokafonda məhəlləsinin poçt indeksinin son üç rəqəmidir.

Bu gün həmin məhəllədə uşaqlar da qol vurduqdan sonra eyni sevinci yaşayırlar. Divarlarda, meydançalarda və qrafitilərdə "304" yazıları artıq Rokafondanın rəmzinə çevrilib.

              

Messi ilə taleyin qəribə oyunu

İllər əvvəl Lionel Messi xeyriyyə təqvimi üçün keçirilən fotosessiyada altı aylıq bir körpəni çimizdirmişdi.

Həmin körpənin gələcəkdə dünya futbolunun ən böyük istedadlarından biri olacaq Lamine Yamal olduğunu isə o zaman heç kim təsəvvür etmirdi.

Fotolar illər sonra yenidən gündəmə gələndə sosial şəbəkələrdə minlərlə istifadəçi bunu "Messinin gələcəyin ulduzuna xeyir-dua verməsi" kimi şərh etdi.

Əlbəttə, bu, sadəcə maraqlı təsadüfdür. Amma həmin kadrlar artıq futbol tarixinin ən simvolik fotolarından biri hesab olunur.

Niyə hamı Lamine Yamalı sevir?

Lamin Yamalın fenomenə çevrilməsinin sirri təkcə rekordlarında və ya futbol istedadında deyil.

O, milyonlarla gəncin özünü görə bildiyi bir hekayənin qəhrəmanıdır. Miqrant ailəsində doğulan, yoxsul məhəllədə böyüyən, uğur qazandıqdan sonra da köklərini unutmayan və hər qolundan sonra uşaqlığını keçirdiyi küçələrə "304" işarəsi ilə salam göndərən bir futbolçu...

Bəlkə də buna görə onu təkcə "Barselona" azarkeşləri deyil, rəqib komandaların tərəfdarları da alqışlayırlar. Futbol ictimaiyyəti onu tez-tez Lionel Messi ilə müqayisə etsə də, Yamal özü bu müqayisələrdən uzaq durmağa çalışır. O, dəfələrlə bildirib ki, Messi futbol tarixinin ən böyük oyunçularından biridir, lakin məqsədi kimisə təkrarlamaq deyil.

Bəlkə də Lamin Yamalı digərlərindən fərqləndirən əsas cəhət də elə budur. O, ikinci Messi olmaq istəmir. O, futbol tarixində ilk Lamin Yamal kimi iz qoymaq istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!