ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun vəzifəsindən uzaqlaşdırılmasının “dəhşətli səhv” olacağını bildirib.
Trampın bu açıqlaması UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyasının (AFC) İnfantinoya qarşı açıq məktub yaymasından sonra səslənib. Təşkilatlar FİFA rəhbərini artıq dayandırılmış FIFA Forward Enterprise (FFE) layihəsi ilə bağlı “aldatma yolu ilə etimadı pozmaqda” ittiham ediblər.
Modern.az BBC-yə istinadən xəbər verir ki, FFE layihəsi FİFA-nın bütün yarışlarının, o cümlədən dünya çempionatlarının kommersiya və bilet satış hüquqlarını idarə edəcək yeni şirkətin yaradılmasını nəzərdə tuturdu. Şirkətin 21 faiz payının isə özəl investisiya şirkətinə satılması planlaşdırılırdı.
Tramp FFE planlarının üzə çıxmasından – iyulun 28-dən – sonra ilk dəfə İnfatinonu açıq şəkildə müdafiə edib.
“FİFA hər hansı səbəbdən prezident Canni İnfatinonu əvəzləməyi düşünsə, bu, dəhşətli səhv olar. O, möhtəşəmdir. O, tarixdə keçirilmiş ən uğurlu dünya çempionatına rəhbərlik edib. Əgər o getsə, Dünya Çempionatı bir daha heç vaxt bu qədər uğurlu və gəlirli olmayacaq”, – Tramp sosial şəbəkədə yazıb.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilib. Finalda İspaniya Argentinanı məğlub edərək çempion olub.
Tramp iyulun 31-də FFE layihəsi ilə bağlı ilk açıqlamasında İnfantino ilə bu məsələni müzakirə etmədiyini bildirmişdi.
Məlumata görə, FFE üçün nəzərdə tutulan investor qrupuna ABŞ-ın Thrive vençur kapital şirkətinin rəhbərlik etməsi gözlənilirdi. Şirkətin təsisçisi isə Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerdir.
İnfantino ilə Tramp arasında yaxın münasibət olduğu məlumdur. FİFA prezidenti 2025-ci ilin dekabrında Trampa təşkilatın ilk FİFA Sülh Mükafatını təqdim edib.