Məcburi köçkün statusu olan valideynlərini itirmiş şəxslər bu statusu almaq üçün əvvəlcədən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etməli olmayacaqlar.
Modern.az xəbər verir ki, bu dəyişiklik “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarında nəzərdə tutulub.
Status və vəsiqə almaq istəyən şəxslər əvvəlcə müvəqqəti yaşayış yeri üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanında və ya yerli bölməsində qeydiyyatdan keçməlidirlər. Daha sonra imzaladıqları ərizəni və tələb olunan sənədləri həmin orqana elektron və ya kağız formada təqdim edə bilərlər.
Səhhətinə və ya digər səbəblərə görə şəxsən müraciət edə bilməyən şəxslər ərizəni səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.
Komitənin regional orqanları və yerli bölmələri ərizəni əlavə sənədlərlə birlikdə 7 iş günü ərzində Dövlət Komitəsinə göndərməlidirlər.