Modern.az

Babişin səfəri Azərbaycana nə verdi?

Babişin səfəri Azərbaycana nə verdi?

İqtisadiyyat

Bu gün, 11:08

Azərbaycan Avropa ilə siyasi və iqtisadi əlaqələrini ardıcıl şəkildə genişləndirir. Son həftələrdə bir sıra Avropa liderlərinin ölkəmizə səfərləri bu dinamikanın göstəricisi kimi qiymətləndirilir. Bu çərçivədə Çexiyanın Baş naziri Andrey Babişin Qəbələyə səfəri də diqqət çəkir. Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlər, biznes forum və verilən mesajlar tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Xüsusilə də, hər iki liderin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya Biznes Forumu diqqət çəkir. Azərbaycanın bu Avropa ölkəsi ilə iqtisadi əlaqələri və ticarət dövriyyəsinin həcminin nə qədər olması diqqət çəkir. Eyni zamanda, Andrey Babişin səfərindən sonra iqtisadi əlaqələrdə hansı yeniliklərin olacağı maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Çexiya Parlamentlərarası İşçi Qrupunun, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, son dövrlərdə Azərbaycana yüksək səviyyəli səfərlərin təşkili ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətinin daha da artmasından xəbər verir:

“Azərbaycan regionda yeni düzəni formalaşdıran dövlətdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionun inkişafında yeni səhifə açıb. Latviya və Ukrayna prezidentlərinin ötən həftə Azərbaycana reallaşan səfərlərindən sonra Çexiya baş naziri ölkəmizə səfər edib. Bu, ölkəmizin yüksək nüfuzunun göstəricilərindəndir. Eyni zamanda bu, region dövlətlərinin Azərbaycan ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olması deməkdir.

Azərbaycan Çexiya ilə strateji tərəfdaşlığa malikdir. 2025-ci ildə Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar həcmində olub. Ötən il Azərbaycandan Çexiyaya 745 milyon dollarlıq mal ixrac edilib. Bu isə qarşılıqlı ticarət dövriyyəsində Azərbaycanın 675 milyon dollarlıq müsbət saldo əldə etməsi deməkdir. Hazırda Çexiya Azərbaycanın 6-cı, Avropa İttifaqında isə 4-cü ən böyük ixrac tərəfdaşıdır. Ölkələr arasında enerji sahəsində möhkəm əməkdaşlıq qurulub. Çexiya tərəfi Azərbaycanla yalnız ənənəvi enerji resursları deyil, həmçinin bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır".

Deputat qeyd edib ki, Azərbaycan-Çexiya əlaqələrinin inkişafı və dərinləşməsi müşahidə edilir:

“Çexiya baş nazirinin Azərbaycana səfəri zamanı iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçirilib və bu, ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar deməkdir. Eyni zamanda, bu, ölkələr arasında ticarət dövriyyəsinin növbəti illərdə daha da artırılacağından xəbər verir. Qeyri-neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Azərbaycan-Çexiya Biznes Forumunun keçirilməsi, xüsusən də qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir. Çünki bu, qeyri-neft sektorunda investorlar arasında əlaqələrin dərinləşməsinə xidmət edir. Bu baxımdan, Çexiya baş nazirinin səfəri olduqca pozitivdir və əlaqələrin dərinləşməsinə və möhkəmlənməsinə birmənalı olaraq təsir göstərəcək. Xüsusən də Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini məhz enerji məhsullarının ixracı təşkil edir. Lakin Biznes Forumu və əldə edilən razılaşmalar artıq yeni mərhələdə Azərbaycanla Çexiya arasında qeyri-neft və qaz sahələrində daha dərin əməkdaşlığın qurulmasına imkan yaradacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə