Modern.az

300 dollarlıq limitin azaldılması arzuolunan deyil - DEPUTAT

300 dollarlıq limitin azaldılması arzuolunan deyil - DEPUTAT

İqtisadiyyat

Bu gün, 11:58

Elektron ticarətin sürətlə inkişaf etdiyi bir dövrdə müxtəlif ölkələrdə rüsumsuz alış-veriş limitləri ilə bağlı yanaşmalar dəyişir. Azərbaycanda da xaricdən onlayn sifarişlərdən istifadə edənlərin sayı artsa da, hazırda aylıq 300 dollarlıq limitin dəyişdirilməsi gündəmdə deyil.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son dəyişikliklər zamanı Dövlət Gömrük Komitəsinin rəhbərliyi bu məsələyə münasibət bildirib və limitin dəyişdirilməsinin hazırda müzakirə olunmadığını açıqlayıb.

“Gömrük məsələsinə edilən dəyişikliklər zamanı Dövlət Gömrük Komitəsinin sədri bu məsələyə münasibət bildirdi və sözügedən limitin dəyişdirilməsinin müzakirə olunmadığını bildirdi. Təbii ki, fərqli ölkələrin fərqli praktikaları var. Bəzi ölkələrdə bu limitlər yüksəkdir, bəzi ölkələrdə isə nisbətən aşağıdır. Amma Azərbaycanda sözügedən limitlər müəyyənləşdirilib və təsdiq olunub. Rəsmi açıqlamalar da göstərir ki, bu limitlərin dəyişdirilməsi məsələsi hazırda müzakirə edilmir”.

Deputatın sözlərinə görə, gələcəkdə mümkün dəyişikliklər yalnız beynəlxalq təcrübəyə əsaslanmayacaq, eyni zamanda daxili iqtisadi çağırışlar və bazardakı dəyişikliklər də nəzərə alınacaq.

“Şübhəsiz ki, hər bir islahat və dəyişiklik yalnız beynəlxalq praktikaya əsaslanmır. Burada daxili tələblər, dəyişikliklər və çağırışlar da nəzərə alınır. Amma hazırkı mərhələdə rəsmi mövqe ondan ibarətdir ki, Azərbaycanda sözügedən limitin dəyişdirilməsi müzakirə olunmur”.

V.Bayramov hesab edir ki, indiki mərhələdə mövcud limitin azaldılması məqsədəuyğun görünmür.

“Mən düşünürəm ki, hazırkı məqamda sözügedən limitin azaldılması arzuolunan deyil. Fərqli ölkələrdə praktikalar dəyişsə də, Azərbaycan üçün hazırkı limit məqbul hesab olunur”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi