BP şirkəti Azərbaycanda topladığı təcrübədən daha geniş regionda, o cümlədən Özbəkistan və Qazaxıstanda yeni imkanların reallaşdırılmasında istifadə etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə "BP America" şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kimberli Harrinqton Nyu-Yorkda "Caspian Policy Center" (CPC) tərəfindən təşkil olunmuş yeddinci illik Xəzər biznes forumunda bildirib.
Onun sözlərinə görə, şirkətin Azərbaycandakı layihələri xüsusi maraq doğurur, çünki onlar ölkənin son 30 il ərzində topladığı təcrübə, bilik və imkanlara əsaslanır.
K.Harrinqton qeyd edib ki, Xəzər regionunun enerji sektorunun inkişafı hökumətlər, biznes və müxtəlif icmalar arasında uzunmüddətli əməkdaşlıq nümunəsinə çevrilib.
"BP üçün Xəzər regionu dövrümüzün energetika sahəsində ən təsirli uğur hekayələrindən biridir. Bu, ortaq uzunmüddətli məqsədə çatmaq üçün özəl sektorun, hökumətlərin və icmaların birgə işi sayəsində mümkün olub", - Harrinqton "Orta Dəhliz boyu yeni nəsil biznes: energetika, nəqliyyat əlçatanlığı və kritik əhəmiyyətli faydalı qazıntılar" adlı panel sessiyada çıxışı zamanı bildirib.
"McLarty Associates" şirkətinin strategiya şöbəsinin rəhbəri və Avrasiya üzrə baş idarəedici direktoru Kler Kayzer isə Orta Dəhlizin inkişafında və investisiya qərarlarının qəbulunda uzlaşma və rəqəmsallaşmanın artan rolunu vurğulayıb.
O, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri mövzusuna toxunaraq qeyd edib ki, iri regional layihələrin həyata keçirilməsi tarixən ilk növbədə, siyasi baxış, ardınca isə investisiyalar tələb edib.
"Apollo Global Management" şirkətinin strukturlaşdırılmış maliyyələşdirmə üzrə qlobal bölməsinin rəhbəri Cəmşid Ehsani "Apollo"nun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji tərəfdaşlığının inkişafından danışıb.
Onun fikrincə, hazırda Azərbaycanda və xaricdə irimiqyaslı enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılır.
"Kazakh Invest"in ABŞ-dəki nümayəndəliyinin rəhbəri Marat Birimjan Orta Dəhlizin inkişafında Qazaxıstanın artan rolunu, habelə kritik əhəmiyyətli mineralların hasilatı, istehsal, nəqliyyat və digər sahələrdə investisiya imkanlarının genişləndiyini qeyd edib:
"Son yeddi il ərzində daşımaların, yəni Orta Dəhlizlə konteyner daşımalarının həcmi beş dəfə artıb və gələcəkdə bu göstərici daha da artacaq".
O, həmçinin Qazaxıstan və ABŞ arasında ticari-iqtisadi əlaqələrin genişləndiyini qeyd edərək əlavə edib ki, ötən ilin sonunda ABŞ və Qazaxıstan şirkətləri istehsal, aqrobiznes, neft-kimya, kritik əhəmiyyətli minerallar, nəqliyyat və logistika sahələrində ümumi məbləği 17 milyard ABŞ dolları olan müqavilələr bağlayıblar.
Onun sözlərinə görə, əlavə investisiyaların cəlb edilməsi üçün layihələr beynəlxalq maliyyələşdirmə üçün daha da əlçatan olmalıdır.