Son illərdə Azərbaycan avtomobil bazarında köklü transformasiya yaşanır. Ənənəvi olaraq Almaniya, Yaponiya və Koreya istehsalı olan işlənmiş avtomobillərin üstünlük təşkil etdiyi bazarda hazırda Çin brendləri, xüsusilə elektrikli və hibrid modelləri ilə tanınan BYD başda olmaqla, kütləvi şəkildə liderliyə yüksəlib.
Mövzu ilə bağlı Modern.az-a Milli Məclisin deputatı Rövşən Muradov açıqlama verib.
Deputatın sözlərinə görə, avtomobil bazarında müşahidə olunan əsas dəyişikliklərdən biri Çin istehsalçılarının mövqeyini sürətlə möhkəmləndirməsidir:
"Burada söhbət yalnız BYD-dən getmir. "Changan", "Geely", "Chery", "Haval", "GAC", "JAC", "BAIC", "Dongfeng" və digər markaların genişləndirməsi göstərir ki, artıq bazarda yeni və kifayət qədər güclü rəqabət mərkəzi formalaşıb. İqtisadi baxımdan Çin avtomobillərinin bazara daxil olması, ilk növbədə, qiymət–keyfiyyət nisbətində rəqabəti gücləndirir. Daha münasib qiymət diapazonunda zəngin elektron təchizat, hibrid və elektrik texnologiyalarının təqdim edilməsi digər istehsalçıları da qiymət siyasətinə, komplektasiyaya və satışdan sonrakı xidmətə yenidən baxmağa məcbur edir. Bunun nəticəsində istehlakçı daha geniş seçim imkanı əldə edir, yeni avtomobil almaq şansı genişlənir və avtomobil parkının texnoloji yenilənməsi sürətlənir".
Deputat qeyd edib ki, sürətli bazar artımı müəyyən iqtisadi riskləri də gündəmə gətirir:
"Bu avtomobillərin 5–10 ildən sonrakı qalıq dəyəri, ikinci əl bazarında qiymət formalaşması, batareyaların istismar müddəti, ehtiyat hissələrinin davamlı təchizatı, proqram təminatının yenilənməsi, rəsmi servis imkanları və uzunmüddətli zəmanət öhdəlikləri indidən diqqətdə saxlanılmalıdır. Yəni avtomobilin satış qiyməti qədər onun ümumi istismar dəyəri də istehlakçı üçün mühüm göstəricidir.
Hesab edirəm ki, bu sahədə hüquqi tənzimləmənin əsas məqsədi Çin avtomobillərinin bazara girişini məhdudlaşdırmaq yox, bütün istehsalçılar üçün vahid və şəffaf standartlar müəyyən etmək olmalıdır. Texniki təhlükəsizlik, batareya sertifikatlaşdırılması və utilizasiyası, minimum zəmanət tələbləri, ehtiyat hissələrinin təminatı, servis məsuliyyəti və istehlakçıya avtomobil haqqında tam məlumat verilməsi daha ciddi normativ çərçivədə təmin edilə bilər. Belə mexanizm həm sağlam rəqabəti qoruyar, həm vətəndaşın aldığı məhsula olan hüquqi təminatını gücləndirər, həm də Azərbaycan avtomobil bazarının kəmiyyət artımından keyfiyyətli və dayanıqlı inkişaf mərhələsinə keçməsinə şərait yaradar".
Lamiyə Cənnətzadə