Modern.az

"Ərazi bu qədər qazılmamalı idi" - 8 min illik Göytəpə məhv olur

"Ərazi bu qədər qazılmamalı idi" - 8 min illik Göytəpə məhv olur

Mədəniyyət

12 İyul 2026, 08:20

Tovuz rayonundakı 8 min illik Göytəpə arxeoloji abidəsinin baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Modern.az məsələ ilə bağlı mütəxəssislərə müraciət edib.

Göytəpədə müşahidə olunan vəziyyət açıq səma altında yerləşən arxeoloji abidələrin qorunması ilə bağlı mövcud çətinlikləri bir daha gündəmə gətirir. Mütəxəssislərin fikrincə, xüsusilə çiy kərpicdən inşa edilmiş tikililər uzun müddət açıq şəraitdə saxlanıldıqda yağıntı, külək və digər təbii amillərin təsiri ilə tədricən aşınaraq dağılır.

Bildirilir ki, arxeoloji qazıntılar planlaşdırılarkən abidənin sonrakı mühafizə imkanları da nəzərə alınmalıdır. Qorunması üçün zəruri infrastruktur və maliyyə imkanları olmayan ərazilərin tam şəkildə qazılması məqsədəuyğun hesab edilmir. Bu baxımdan, geniş ərazinin deyil, yalnız elmi tədqiqat üçün zəruri hissəsinin öyrənilməsi, qalan hissənin isə yenidən örtülərək mühafizə edilməsi daha düzgün yanaşma sayılır.

Dünyanın bir çox ölkəsində açıq hava arxeoloji parklarının qorunması üçün böyük həcmli investisiyalar ayrılır və sonradan bu vəsait turizm gəlirləri hesabına kompensasiya olunur. Azərbaycanda isə belə layihələrin geniş şəkildə həyata keçirilməsi üçün hələ kifayət qədər imkan formalaşmayıb.

Mütəxəssislər hesab edirlər ki, Göytəpənin hazırkı vəziyyətinə görə məsuliyyəti yalnız Mədəniyyət Nazirliyinin üzərinə qoymaq düzgün yanaşma deyil. Nazirlik tərəfindən tarixi abidələrdə monitorinqlər aparılsa da, hər bir abidənin daimi mühafizəsini təmin etmək praktik baxımdan mümkün deyil.

Eyni zamanda, Azərbaycanın bəzi tarixi abidələrinin məhv olmasında cəmiyyətin tarixi irsə münasibəti və ayrı-ayrı hallarda iqtisadi maraqların da təsiri olduğu vurğulanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...