Tarix bəzən silahla yazılır, bəzən qələmlə, bəzən də musiqi ilə.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəyə aparan yolun öz səsi vardı. O səs səngərlərdən, hospital palatalarından, könüllülərin toplandığı meydanlardan, azad edilən şəhərlərin küçələrindən, Şuşanın zirvəsindən ucalırdı. O səs bir xalqın inamını, əsgərin iradəsini, şəhid anasının duasını, qələbəyə olan sonsuz inancı ifadə edirdi.
Həmin səs "Qarabağ" mahnısı idi.
Bu gün həmin mahnını eşidən hər bir azərbaycanlı istər-istəməz Zəfər günlərini xatırlayır. Yaralı əsgərlərin ağrılarını unutmaq üçün onu oxuduğu günləri, əllərində üçrəngli bayraq küçələrə axışan insanların sevincini, azad olunmuş torpaqlarda yenidən ucalan həyatın ilk notlarını yada salır.
Bütün bunların müəllifi isə sadə, təvazökar, ömrünü xalqına xidmətə həsr etmiş sənətkar – Bəhram Nəsibov idi.
Onun qarşıdan gələn 85 illik yubileyi təkcə bir bəstəkarın doğum günü deyil. Bu yubiley Azərbaycan musiqisinin, milli yaddaşının və Qarabağ ruhunun yubileyidir.
1942-ci ildə Füzuli torpağında dünyaya göz açan Bəhram Nəsibov həyatının bütün mənasını Vətənə xidmətdə gördü. O, mahnılarını şöhrət qazanmaq üçün deyil, xalqın qəlbinə yol tapmaq üçün yazdı.
İllər keçdi...
Onun yazdığı mahnılar toylarımızda, bayramlarımızda, konsert salonlarında səsləndi.
Amma zaman göstərdi ki, bu mahnılar əslində Azərbaycanın ən ağır günləri üçün yazılıbmış.
Birinci Qarabağ müharibəsində yazdığı marşlar döyüşən ordunun ruhunu yüksəltdi.
İkinci Qarabağ müharibəsində isə onun "Qarabağ" mahnısı bütöv bir xalqın himninə çevrildi.
Bu, sənətkar üçün verilə biləcək ən böyük qiymətdir.
Çünki heç bir mükafat xalqın könlündə qazanılan məhəbbətdən üstün ola bilməz.
Bəhram Nəsibov təkcə bir bəstəkar deyildi.
O, şair idi.
İfaçı idi.
Maarifçi idi.
Vətən təbliğatçısı idi.
Azərbaycançılıq ideyasının musiqi salnaməsini yaradan sənətkarlardan biri idi.
Onun yaradıcılığına nəzər saldıqda sanki müasir Azərbaycanın mənəvi xəritəsini görürük.
Qarabağ...
Zəngəzur...
Azərbaycan əsgəri...
Ana torpaq...
Şəhidlər...
Uşaqlar...
Müəllim...
Həkim...
Jurnalist...
Neftçi...
Ekologiya...
Milli birlik...
Muğam...
Folklor...
Turan...
Və.s...
Bu mövzuların hər biri onun yaradıcılığında yaşayır.
600-dən artıq mahnı və marş...
Bəhri-Təvillər...
Şeirlər...
Satirik səhnəciklər...
Parodiyalar...
Not topluları...
Bu irs təkcə bir insanın yaradıcılığı deyil.
Bu, bir dövrün musiqili ensiklopediyasıdır.
Bu gün artıq böyük sənətkar haqqında deyilən fikirlər tarixə çevrilib.
Xalq artisti Qulu Əsgərovun illər öncə söylədiyi:
"Vaxt olacaq ki, Bəhram Nəsibovun mahnıları dərsliklərə daxil ediləcək."
fikri artıq gerçəkləşib.
Azərbaycan musiqisinin korifeyi Rəşid Behbudovun dediyi:
"Bəhram Nəsibovun mahnıları muğamdan yoğrulub,"
fikri isə bu yaradıcılığın milli köklərini ən dəqiq ifadə edən qiymətləndirmələrdən biri olaraq yaşayır.
Lakin, bütün bunlara baxmayaraq,yazıçı-publisist Seyran Səxavətin dedyi kimi “Adamın olmaya, haqqını tələb etməyə üzün də olmaya, səni tanısalar da tanımaq istəmirlər”.
Son illərdə "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin həyata keçirdiyi layihələr bu irsin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlardır.
"Nəğmələrdə yaşayan ömür" çoxcildliyi...
"Azərbaycançılığın musiqili təqdimatı"...
"Mədəniyyət paytaxtı" film-konserti...
"Ekoloji təmiz qara qızıl"...
"Faciəli təqvim tariximiz"...
"Ana məktubu" not toplusu...
Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən möhtəşəm konsert...
Bütün bunlar göstərir ki, Bəhram Nəsibov yaradıcılığı artıq təkcə xatirə deyil, yaşayan bir məktəbdir.
Lakin böyük sənətkarın qarşısında hələ də yerinə yetirilməmiş mənəvi borclarımız var.
Azərbaycanın Zəfər tarixində musiqisi ilə xüsusi iz qoymuş, Qarabağın azadlığı uğrunda aparılan mənəvi mübarizənin simvollarından birinə çevrilmiş bir bəstəkarın adı bu gün Qarabağda əbədiləşdirilməlidir.
İşğaldan azad olunmuş ərazilərdə inşa edilən mədəniyyət ocaqlarından biri onun adını daşımalıdır.
Bu, təkcə bir şəxsin adının əbədiləşdirilməsi deyil.
Bu, Zəfərin musiqisinin əbədiləşdirilməsidir.
Bu, Qarabağın ruhuna göstərilən ehtiramdır.
Bu, gələcək nəsillərə verilən mənəvi dərsdir.
Ziyalılara müraciət
Bəhram Nəsibovun 85 illik yubileyi ərəfəsində bütün Azərbaycan Respublikasının ziyalılarına, elm adamlarına, yazıçı və şairlərə, bəstəkarlara, musiqiçilərə, mədəniyyət xadimlərinə, qeyri-hökumət təşkilatlarına, media nümayəndələrinə, ictimai birliklərə və xüsusilə doğma Füzuli rayonunun ziyalılarına müraciət edirik.
Gəlin, bu böyük sənətkarın irsinin qorunması və təbliği naminə bir araya gələk.
Gəlin, onun adının Qarabağda və doğulduğu Füzuli rayonunda hansısa mədəniyyət ocağına, küçəyə və ya digər mühüm bir mədəniyyət obyektinə verilməsi təşəbbüsünü birlikdə dəstəkləyək.
Gəlin, Bəhram Nəsibovun yüzlərlə əsərinin tam akademik nəşri, rəqəmsallaşdırılması, elmi tədqiqi və dünya musiqi ictimaiyyətinə təqdim olunması istiqamətində yeni layihələrin həyata keçirilməsinə dəstək olaq.
Çünki xalqlar yalnız torpaqları ilə deyil, həm də yaddaşları ilə yaşayırlar.
Yaddaşı yaşadan isə böyük sənətkarlardır.
Bəhram Nəsibov həmin sənətkarlardandır.
Onun yazdığı nəğmələr Zəfərin səsinə çevrildi.
Bu böyük sənətkarın adını yaşatmaq, irsini qorumaq və gələcək nəsillərə ötürmək bizim milli və mənəvi borcumuzdur.
Çünki xalqın qəlbində yaşayan sənətkarlar heç vaxt unudulmurlar.
Onların adı da, nəğməsi də, Vətən sevgisi də əbədi yaşayır.
Elmin İdrisli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
12.07.2026.