Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından, Əməkdar artist Ofeliya Məmmədzadənin doğum günüdür.
Modern.az xatırladır ki, Ofeliya Kamal qızı Məmmədzadə 1939-cu il avqustun 4-də Bakıda ziyalı ailəsində anadan olub. Gənc yaşlarında aktyor Gündüz Abbasovla ailə həyatı quran aktrisanın bu evlilikdən iki qızı və bir oğlu dünyaya gəlib. Sonradan ailə dağılmış, uzun illər övladlarından ayrı yaşamaq məcburiyyətində qalıb.
Aktyorluq fəaliyyətinə “Yenilməz batalyon” filmi ilə başlayan Ofeliya Məmmədzadə 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb, daha sonra uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində çalışıb.
Sənətkar teatr səhnəsində H.Cavidin “İblis”, “Səyavuş”, S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” kimi tamaşalarında yaddaqalan obrazlar yaradıb.
O, eyni zamanda “Bir cənub şəhərində”, “Arvadım mənim, uşaqlarım mənim”, “Burulğan”, “Əlavə iz”, “Gethagetdə”, “İyirmialtılar”, “Poçt qutusu”, “Yenilməz batalyon” və “Zəncirbənd” filmlərində rol alaraq Azərbaycan kinosunda da öz izini qoyub.
Şəxsi həyatı ilə bağlı yaşadığı çətinliklərə baxmayaraq, Ofeliya Məmmədzadə sənət fəaliyyətini davam etdirib. Sonralar teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurub və 27 il onunla birlikdə yaşayıb.
Aktrisa 2007-ci il iyulun 11-də, 67 yaşında ürək tutmasından vəfat edib.
Ofeliya Məmmədzadə yaratdığı yaddaqalan obrazlarla Azərbaycan teatrı və kinosunun yaddaşında silinməz iz qoyan sənətkarlardan biri kimi xatırlanır.