11 yaşlı muğam ifaçısı Əhəd Mehdi oğlu Ağayev Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı səmimi fikirləri ilə diqqət çəkib.
Modern.az xəbər verir ki, o, çıxışı zamanı Qarabağ zəfərinin həyatında dönüş nöqtəsi olduğunu bildirib.
Əhəd qeyd edib ki, Qarabağ döyüşləri zamanı cəmi 5 yaşı olub. Həmin dövrdə "Xudayar təsnifi"ni ifa etməsi ailəsinin diqqətini çəkib və bundan sonra Ağdam Rayon Uşaq Musiqi Məktəbində Humay Məmmədovanın sinfində muğam təhsili almağa başlayıb.
Onun sözlərinə görə, 5 yaşından məktəbdə hazırlıq keçib, 6 yaşında isə birinci sinfə qəbul olub.
"Türkiyə deyiləndə ağlıma qardaşlıq gəlir. Türkiyə ilə Azərbaycanı bir-birinə yaxın edən ortaq dilimiz, mədəniyyətimiz və ən əsası qardaşlığımızdır", - deyə o bildirib.
Gənc ifaçı 28 May - Müstəqillik Gününə həsr olunmuş dövlət tədbirində Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısında "Qarabağ" şikəstəsini ifa etməsini həyatının ən unudulmaz anlarından biri kimi qiymətləndirib.
O, gələcək arzularından da danışıb:
"Bir gün Türkiyədə səhnəyə çıxsam, muğam ifa edər və qardaş ölkədə Azərbaycanın milli muğamını tanıdaram. Ən böyük arzum ustad Təbriz Bayramovdan muğamın incəliklərini öyrənmək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın iştirak etdiyi tədbirdə muğam səsləndirməkdir".
Sonda o, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin daim davam edəcəyini vurğulayıb.
"Türkiyə-Azərbaycan qardaşlığı həmişə əbədi olacaq. Yaşasın Türkiyə, yaşasın Azərbaycan!", - deyə gənc ifaçı çıxışını yekunlaşdırıb.