Modern.az

Milli poeziyamızın söz sərrafı, Qabil sənətkarı

Milli poeziyamızın söz sərrafı, Qabil sənətkarı

Mədəniyyət

Bu gün, 16:50

Xalq şairinin müdrik və əlvan şeiriyyəti ona əbədiyaşarlıq qazandırıb

Qabil İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra Pedaqoji İnstitutun Azərbaycan dili və ədəbiyyat fakültəsində təhsil alıb. Daha sonra Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

Əvvəlcə Yardımlıda və Bakıda müəllimlik edən şair ardınca “Azərbaycan müəllimi”, “Kommunist (indiki “Xalq qəzeti”), Ədəbiyyat və incəsənət” qəzetləri redaksiyalarında, dövlət televiziyasında, “Azərbaycan” jurnalında çalışıb.

Uşaqlığı Stalin repressiylarının tüğyan etdiyi dövrə düşən Qabilin tale baharı tez gəlib. 18 yaşında ikən “Gəl, baharım” adlı ilk şeiri çap olunub. “Səhər açılır”, “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” adlı kitabları sənət pasportları kimi onun şairlik şəxsiyyətini təsdiq edib. Sonrakı yaradıcılığı daha məhsuldar olub. “Ömür həbləri”, “İlahi qisməti”, “Dostlarım, tanışlarım” və s. topluları sevilə-sevilə oxunub. Vətəninə, millətinə tükənməz məhəbbətlə, gərgin zəhmət və canlı həyat müşahidələri ilə xidmət edib.

Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub.
İməkləmiş, yerimişəm, qaçmışam -
Dizlərimi qanadanda daş-kəsək
İlk yaram da bu torpaqda köz tutub.

Şair Qabil “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik poemasına görə 1976-cı ildə Dövlət mükafatına layiq görülüb. Daha sonra onun yaradıcılığı “Əməkdar incəsənət xadimi”, müstəqil Azərbaycanın ilk “Xalq şairi” fəxri adları, “Şöhrət” və “İstiqlal” ordenləri, Prezidentin fərdi təqaüdü ilə dəyərləndirilib.

Ədəbiyyatımızın böyük qayğıkeşi olmuş ümummilli lider Heydər Əliyev şairin 70 illik yubileyində onun xidmətlərini qeyd edərək deyib: “Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o, çox böyük iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi... Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür. Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə dedim ki, sən əsl kişisən. Bu, elə-belə söz deyil. Bu, mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə müşahidələrimin nəticəsi idi”.

Daim xalqı ilə nəfəs alan, “Səhv düşəndə yerimiz” kimi sənət şedevrləri əzbərdən söylənən şairin yaradıcılığında tale sınaqlarımızla bağlı qəmli notlar da yer alıb. 20 Yanvar faciəsindən sonra “Xalqımı, millətimi gülləbaran eylədilər”, Qarabağın işğalı zamanı “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” deyən məhz Qabil olub.

Yardım bağlamasında
Özü var dəstəklərin.
Lap ləl-cəvahir olsun
Hər yardımın dəyəri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Ruhu şad olsun xalqına “Çalsın Azərbaycan haray zəngini”, qaçqınlara “Çadırlara alışmayın” deyən şairin! Artıq 6 ildir ki, Azərbaycan əsgəri həmin ümidi mərdi-mərdanə doğruldub. Çadır şəhərciklərini imarətli şəhərlər, qəsəbələr əvəz edib.

...Ədəbi-dram baş redaksiyasında çalışdığım dövlət televiziyasının sədr müavini, yazıçı Nahid Hacızadə bir gün məni çağırıb, “Xalq şairi” adına layiq görülən Qabili evində ziyarət etməyi və onun ürək sözlərini lentə almağı tapşırdı. Çəkiliş qrupu ilə şairin yaşadığı “Hüsü Hacıyev, 19” ünvanına yollandıq. Bizi mehribanlıqla qarşılayan şair süfrə arxasında çoxdanın dostları kimi maraqlı söhbətlər etdi. Şeirlərindən nümunələr də səsləndirdi. Sonda operator videokameradakı lentə yazılanları geri çəkərək: “Qabil müəllim, baxın” - dedi. Sevincək kameranın gözlüyünə baxan şair “Xod ver, xod ver!” deyincə hamımız şaqqanaq çəkdik. Axı, kamerada səsgücləndirici olmur. Bunu ona deyəndə Qabil müəllim özünü o yerə qoymadan bizə qoşulub güldü.

Bir neçə il sonra yenə həmin ünvanda, ardınca isə Dövlət Sirkinin yanından aldığı yeni mənzilində onunla yaddaqalan görüşlərimiz oldu. Hər dəfəsində də şairin qonaqpərvərliyinin, səmimiyyətinin və şən zarafatlarının şahidi olduq. Qabilin milli televiziyada da vaxtaşırı çıxışları olardı. Bu zaman redaksiyamıza da baş çəkər, hamımızla hal-əhval tutar və artıq bizimlə birlikdə çalışan oğlunu tapşıraraq: “Mahirdən muğayat olun” - deyərdi. Biz də zarafatla cavab verərdik ki, yaxşı, amma Mahirə deyin, qoy, o da bizdən muğayat olsun...

Xalq şairinin yaradıcılıq yolu şəxsiyyəti ilə daim həmahəng olub. Heç bir məsul vəzifə daşımasa da, necə deyərlər, sözü ötən kişilərdən idi, xalqın istək və arzularını həmişə cəsarətlə dilə gətirirdi. Buna görə də uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərdi. Ruhu cavan idi deyə, ona “ağsaqqal” xitabını edəndə şəxsiyyətinə xas yumorla “bura bax, ey, ağsaqqal özünsən” cavabını verirdi.

Qabil müəllimin gəlininin qardaşı – Əməkdar həkim, yazıçı Ramiz Əkbər danışır ki, onun baməzə söhbətləri səhhətinin nasaz vaxtlarında da əskik olmurdu. “Bir dəfə işlədiyim hospitala rentgenə gəlmişdi. Otaqda işığın zəifliyinə işarə ilə həkimdən soruşdu ki, qaranlıqda nə axtarırsınız? Sonra bu barədə şeir də yazdı:

Aydınlıq hasil edir
Rentgen zülmət məkanda.
Dərdindən hali olub,
Əlac gəzir insan da.

Həmin şeir onun şairanə yanaşması ilə bitir:

Hər əza düşür ona
Lövhədə canlı-canlı.
Ancaq, rentgenə düşmür
Vicdansızla vicdanlı.

Bax, belə, dəyərli və unudulmaz insan idi Qabil müəllim”.

Şairin vəfatından sonra onun 2 cildlik “Seçilmiş əsərləri” və 7 cildlik “Əsərlər” külliyyatı işıq üzü görüb. Özü də istedadlı yazıçı olan oğlu Mahir şairin ədəbi irsinə belə qədirbilənlik göstərib. Yeri gəlmişkən, Mahir Qabiloğlu atasının adından “O dünyadan məktublar” yazıb dərc etdirməklə də ruhunu sevindirib. Həmin məktubların 1-cisini ədəbi ensiklopediya hazırlayan professor Teymur Əhmədova ünvanlayıb və yazıb: “Ensiklopedik məlumat kitabı” çıxandan sonra ondan bir konteyner göndərərsən bura. Xaqanidən Bəxtiyar Vahabzadəyə qədər hamı bu kitabın çıxmasını böyük intizarla gözləyir”...

Onu da deyək ki, hələ sağlığında Qabilin haqqında Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Cabir Novruzun, Hüseyn Abbaszadənin, Fikrət Sadığın, Tofiq Hacıyevin, Əli Səmədlinin, Abbas Abdullanın və başqalarının maraqlı məqalələri çap olunub. Şair dünyadan köçəndə Prezident İlham Əliyev Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasiminə gəlmişdi. Orada Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, ZəlimxanYaqubun çıxışlarına görə bir daha inandıq ki, sənətkar getdi, lakin, sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri əbədi olaraq xalqına yadigar qaldı.

Əli NƏCƏFXANLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...