Modern.az

“Parasızlıq məni düşündürür, ailəmi bura köçürmək istəyirəm”-Rəsulzadənin qürbət dərdi

“Parasızlıq məni düşündürür, ailəmi bura köçürmək istəyirəm”-Rəsulzadənin qürbət dərdi

20 Dekabr 2017, 23:43

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

 

Bu dəfə Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi faktı diqqətə çatdıracağıq.

 

Azərbaycan Cümhuriyyəti devriləndən sonra Rəsulzadə mühacirətə getməli olur. Yeni quruluş isə onun ailəsi və yaxın qohumlarını da təqib edir. 19 yaşlı oğlu Rəsul güllələnir, həyat yoldaşı, anası, qızları və körpə oğlu Qazaxıstana sürgün edilir.

 

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

 

Rəsulzadə 1923-cü ilin iyununda məslək yoldaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların birində ailəsi barəsində də danışır:

 

“Əzizim Ceyhun bəy! Mən Sizi Almaniyada bilirdim. Əli Yusif  hal-hazırda Parisdə olduğunuzu xəbər verdi. Sizə yazdığım məktuba cavab alamadım. Göndərdiyim kitabımı bilmirəm aldınızmı? Kitab haqqında fikiriniz nədir? Onu burada yazdım. Lazım gələn materiallar əl altında yox idi. Necə alınıb, bilmirəm. Mən sizin göndərdiyiniz son ünvanlara kitablar yolladım. Geri gəldi. Nə üçün, anlamadım. Əvvəlki məktubumda yazdığım kimi kitablar yandı. Əgər məktubunu alıb, doğru ünvanını öyrənsəm, yenə alıb göndərərəm. Sizə qəzetlər də göndərilir. Əcəba alırmısınızmı? Bugünlərdə “Yeni Kafkasya” adı ilə bir qəzet çıxarmaq niyyətindəyəm. İştirakınızı arzu edirəm. Hadisələr və məqalələrinizi gözləyirik. Lakin qəzet maddi cəhətdən kasıb olduğundan müəllif haqqı verməkdə acizdir. Gələcəkdə maddi durumumuz güclənərsə, müəllif haqqı da ödəniləcəkdir. Qəzetin adı da yeni düşünülmüş bir şey deyildir. Keçmişdən mövcud olan bir münasib addan istifadə edirik.

 

Zöhrə xanıma ərzi-salam. Uşaqların gözlərindən öpürəm. Necədirlər? Məişətiniz necə keçir? Sıxılmırsınız? Yenə əvvəlki evinizdəmisiniz? Əcəba, Almaniyaya nə üçün köçmədiniz? Bəlkə baş verən gündəlik hadisələr Sizin fikirinizi dəyişdi? Yorğundurlarmı? Heyət  nə edir? Məhərrəmov yazılan kağızlara cavab verməyir. Yoxsa kağızlarımı almayır? Yoxsa oradamı deyildir? Kitabımdan bugünlərdə “Revue du Monde Musulman”a göndərəcəyəm. Misyo Yuraya məndən salam. Ona da göndərəcəyəm”.

 

Məktubun bu yerinə xüsusi diqqət edək. Rəsulzadə çox mətin adam olub. Amma elə dərdlər var ki, onları bölüşməmək sadəcə, mümkün deyil:

 

“Vallahi parasızlıq məni çox düşündürür. Ailəliləri düşünürəm. Mən də ailəmin buraya köçürülməsi üçün çalışıram. Uşaqların tərbiyəsi məni düşündürür. Eşitdiyimə görə ingilis heyəti borcunu tələb etmək üzrə imiş. Gürcülərdən belə bir şey eşitdim. Səy edilirmi? İş nə yerdədir? Mir Yaqubdan şikayət vardı ki, kağızlarına cavab gəlməyir. Halbuki, dostumuzu itirdik. İndi Almaniyadadırmı? Son məktubuma da cavab almadım. Əkbər ağa Almaniyada imiş. Bakıdan gələnlərdən öyrəndiyimə görə ailəniz, qardaşınız salamatdırlar. Əli Yusif sağ-salamat Azərbaycana keçdi. Əli Mərdan bəyin yazdığına görə, bu yaxınlarda xarici dövlətlərə bir tağım protesto notaları göndərilmişdir. Cavablar alınmışdır. Təəssüf ki, nə notanı, nə də cavabını, nə kopya surətilə, nə digər bir şəkildə nəql etməyir. Əldə olsaydı, İstanbul qəzetlərindən bəzilərinə müraciət edib, nəşr etdirərdik. Bir əsəri-mövcudiyyət olardı. Əbilovun  ölümü fəna olmadı”..

 

Mənbələr: М.Э. Расулзаде. Сборник произведений и писем /Сост., предисл. и примеч. С. Исхаков.

Məhəmməd Əmin Rəsulzadə “Məktublar. Şəfibəyçilik”.

 

E. Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir