Modern.az

Sabahımıza necə baxırsınız..? (Tanınmışların cavabı)

Sabahımıza necə baxırsınız..? (Tanınmışların cavabı)

2 Avqust 2011, 10:43

Hər nə olursa olsun, insanın içində olan azacıq ümid işığı onu yaşamağa həvəsləndirir. “Ən sonuncu ölən ümiddir” deyimini yəqin ki, bu məqamda işlətmək yerinə düşər. Bəs bu gün müstəqil Azərbaycan vətəndaşı sabahına ümidlə baxa bilirmi? Azərbaycan vətəndaşı sabahını işıqlı görürmü?

Modern.az-ın əməkdaşı cəmiyyətin müxtəlif sahələrinin nümayəndələrindən bu suala münasibət öyrənib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı düşünür ki, vətəndaşlarımız Azərbaycanın gələcəyi ilə bağlı nikbindirlər və öz gələcəklərini də Azərbaycanın inkişafında görürlər. Bununla belə baş redaktor hesab edir ki, bir çox problemlər var ki, ilk növbədə onlar həllini tapmalıdır: “Yeni istehsal sahələri yaradılmalı, liberal bazar iqtisadiyyatında olan problemlər aradan qaldırılmalıdır. Bax, bu problemlər aradan qaldırılsa və Azərbaycanda normal biznes mühitinin inkişafı üçün proqramlar işlənib hazırlansa, Azərbaycan insanı da sabaha çox nikbin baxa bilər”.

İnsanların təhlükəsizlik baxımından elə də probleminin olmadığını deyən A.Aşırlı qeyd edib ki, çətinliklə ancaq sırf yaşayışla bağlıdır: “Azərbaycan vətəndaşının dincəlmək, istirahət etmək problemi var. Yəni insanların aldığı vəsait onların Azərbaycanın yaxşı məkanlarında istirahət etməyə imkan vermir. Övladlarının gələcəyi ilə bağlı məsələlərdə ola bilsin ki, vətəndaşlarda müəyyən narahatçılıqlar var. Ancaq düşünürəm ki, bunlar da ötüb keçən şeylərdir və Azərbaycan insanı gələcəyə nikbin baxmalıdır”.

Yazıçı Seyran Səxavətin fikrincə,  insanların hamısı istənilən ən ağır vəziyyətdə belə, sabaha ümidlə baxmağa çalışır. Onun sözlərinə görə, əgər belə olmasa, onda yaşamağa dəyməz və hər şey dayanar: “O mənada bütün insanlar sabaha doğru ümidlə yaşayırlar. Ümidin hansı dərəcədə olması isə başqa məsələdir. Bu gün həmişə sabahın solğun variantıdır. Yəni sabah da bu günə oxşayır”.

Yazıçı “indiki nəslin gələcəyini necə görürsünüz” sualına “bu, çox narahat edən bir məsələdir. Yəni indiki nəslin gələcəyi bizdən və onun özündən asılıdır” deyə cavab verib: “Bu, çətin məsələdir. Burda münəccimlik etmək çətindir. Bizə bircə onların sabahının yaxşı olmasını arzulamaq qalır”.

Millət vəkili Asim Mollazadə isə qeyd edib ki, Azərbaycan xalqının qurduğu bu gənc dövlətin sabahını çox gözəl görür. O bildirib ki, bu dövlətin mövcudluğu hər bir Azərbaycan vətəndaşına öz mədəniyyətini, şəxsiyyətini inkişaf edirmək imkanları yaradır və Azərbaycan dünyada mövcud olan çox ciddi rəqabətə hazır olacaq: “Mən hər bir azərbaycanlının fərd olaraq yüksək potensialına inanıram və əminəm ki, gənc dövlət gücləndikcə, hər bir azərbaycanlının öz potensialını realizə etməyə imkan yaradacaq.
Mən ölkənin inkişaf prespektivlərini və dünyada mövcud olan strateji inkişafda Azərbaycanın yerini görürəm və Azərbaycanın yeri çox önəmlidir”.
Deputatın sözlərinə görə, Azərbaycan dövlətinin güclənməsi və zənginləşməsinin göstəriciləri hər bir vətəndaşa da çox ciddi inkişaf prespektivləri verir:

“Mənim nikbinliyiminin əsası fərd olaraq hər bir azərbaycanlının yüksək potensialını görməyimdir. Əminəm ki, öz mədəni irsinə  arxalanaraq dünya mədəniyyətini qavraya bilən azərbaycanlılar hələ dünyaya öz töfhəsini verə bilməyib. Bu istiqamətdə hər bir azərbaycanlının böyük potensialı var. Azərbaycan hələ öz sözünü demək üçün çox güclü, istedadlı vətəndaşlar yetişdirəcək”.

A.Mollazadənin sözlərinə görə, bu gün bəzi insanlardakı pessimizliyin səbəbi kolxoz təfəkküründən, sovet düşüncəsindən irəli gəlir: “Yəni hansısa vətəndaş uzanıb böyrü üstə gözləyir ki, kolxoz, yaxud kommunist partiyası gəlib bunun inkişafını təmin edəcək, sosialist əməyi qəhramanına çevirəcək. Azərbaycanın inkişafı hər bir fərdin inkişafı ilə bağlı olduğuna görə, mən əminəm ki, yaxın müddətdə həm gənc nəslin, həm də yeni təfəkkürün formalaşmağına təkan verəcək və fərd olaraq hər bir Azərbaycan vətəndaşı inkişaf edə biləcək. Bunun zəmanəti də Azərbaycan dövlətinin güclü və zəngin olmasıdır”.

Deputat əminliklə qeyd edir ki, bu inkişafla Azərbaycan vətəndaşı və gənci mütləq kariyeralarını Azərbaycanda qura biləcəklər: “Siz son tarixə baxsanız görərsiniz ki, 150 il bundan əvvəl türk dünyasının qəzeti birinci Azərbaycanda yaranıb. O zaman Həsən bəy Zərdabinin nəşr etdiyi qəzeti 37 və ya 39 azərbaycanlı oxuya bilib. Bu gün isə azərbaycanlılar dünyanın tanınmış universitetlərinin məzunlarına çevrilirlər. XX əsrin əvvəlində barmaqla sayılacaq qədər ali təhsilə malik azərbaycanlı ziyalısı var idi. Bu gün isə bu rəqəm daha çoxdur və mənə elə gəlir ki, biz inkişafa uzun vadıli perspektiv sistemində baxmalıyıq”.

Digər millət vəkili Jalə Əliyeva bildirib ki, hər kəs, hər bir Azərbaycan vətəndaşı inanır və əmindir ki, Azərbaycan bugünki inkişaf sürəti ilə regionun ən qabaqcıl ölkələrindən biridirsə, qısa müddət ərzində dünyanın ən nüfuzlu ölkələrindən birinə çevriləcək və çevrilməkdədir. Bunun gəlişigözəl sözlər olmadığını deyən J.Əliyeva qeyd edib ki, bu, həqiqətən insanların ürəklərindən keçən sözlərdir: “Yəni böyük ümidlə Azərbaycanın gələcəyinə baxırıq, o da bunu bizə deməyə əsas verən bugünki inkişaf sürəti, Azərbaycanın istər regional, istərsə də dünyəvi çapda öz sözünü deyə bilmək qabiliyyətinə malik olmasıdır. Azərbaycan vətəndaşı başqa tərzdə düşünməz. Çünki əvvəla, Azərbaycan bizim əzəli və əbədi vətənimizdir. Və özünü azərbaycanlı adlandıran hər bir şəxs təbii ki vətənin gələcəyinin bu günkündən daha gözəl və daha parlaq olmasını arzulayır”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir