Modern.az

Avtomobildə texniki nasazlıqlara görə 150 manat cərimə? - DYP-dən AÇIQLAMA

Avtomobildə texniki nasazlıqlara görə 150 manat cərimə? - DYP-dən AÇIQLAMA

Hadisə

26 Oktyabr 2019, 10:25

Ötən il avtomobillərin texniki baxışı ilə bağlı bəzi dəyişikliklər oldu. Dəyişikliyə əsasən kağız texniki baxış talonu ləğv edildi, texniki baxışın vaxtı dəyişdirildi və önəmli məsələ minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olsa da texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir. Bununla da texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur, əgər sürücü həmin nasazlıqları aradan qaldırmazsa avtomobilin texniki baxışdan keçirilməsindən imtina olunur. Bütün bu dəyişiklər avtomobil sahiblərinin xeyirinə oldu desək, yanılmarıq.

 

Bununla belə sosial şəbəkələrdə bəzi narazılıqlar ortaya çıxır. Modern.az-ın əməkdaşı da avtomobilimi texniki baxışa apararkən bunun şahidi olub. Belə ki, 44 adda konstuksiyaların tərkib hissələrinin və əlavə qurğularının parametrlərinin müayinəsindən cəmi 3 nasazlıq aşkarlanıb ki, o da işıqlarla bağlı idi. Əməkdaşımız həmin nöqsanları bu dəfə deyil, gələn dəfə aradan qaldıracağını deyib. Bununla bağlı ona bildiriş imzaladıblar. Bura qədər hər şey normaldı, normal olmayan bir məsələ var. Belə ki, texniki baxış məntəqəsinin əməkdaşı şifahi olaraq bildirib ki, əgər aşkarlanan nasazlıqlardan cüzi biri növbəti dəfə olarsa, 150 manat cərimə olunacaqsan.

Bəs görəsən məntəqə əməkdaşının dediyi kimi problemlərdən cüzi birinə görə 150 manat cərimə nəzərdə tutulubmu?

 

Məsələ ilə bağlı Modern.az-a danışan, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyev bildirib ki,texniki baxış zamanı avtomobildə nasazlıq aşkarlanarsa o cərimə oluna bilməz, texniki baxışdan imtina oluna bilər.

“Əgər imtina olunursa, 20 gün müddətində siz avtomobili saz vəziyyətə gətirib texniki baxışdan keçməsəniz, o halda 50 manat cərimə nəzərdə tutulur. Sizin avtomobilinizdə olan nasazlıqlar haqqında  qeydiyyat vərəqəsində qeyd olunur ki, avtomobilin hansı nasazlıqları meydana çıxdı. O nasazlıqlar haqqında məlumatın biri sizdə, biri də informasiya sistemində qalır. Növbəti dəfə siz texniki baxışa gələndə baxacaqlar ki, sizin avtomobildə ötən dəfə aşkarlarlanan nasazlıqlar qalır, o zaman imtina oluncaq. Amma bu o demək deyil ki, sizi orada dərhal cərimə edəcəklər. 1 il tamam olduqdan sonra sizin ehtiyatda 20 gününüz var, həmin müddət ərzində siz nöqsanı aradan qaldırıb maşını yenidən texniki baxışa təqdim edəndə o nasazlıqlar aşkarlanmasa rahat şəkildə texniki baxışdan keçəcəksiniz. Aşkarlanan nasazlığın siyahısı vətəndaşa verilir, ona görə ki, gələn dəfə həmin nasazlıqları aradan qaldırsın”.

 

Hüquqsünas Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti haqqında qanunun 30-cu maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsi (minik avtomobilləri və icazə verilən maksimum yük kütləsi 3,5 tona qədər olan avtomobillər) ilk dəfə texniki baxışdan keçiriləndə hansısa bir texniki nasazlıq aşkar edilsə belə texniki baxış keçirilir və elektron talon verilir:

“Növbəti texniki baxış müayinəsi zamanı eyni texniki problem təkrar aşkarlanarsa, o zaman həmin avtomobil texniki baxışdan keçirilməyəcək. Sürücüdən tələb olunacaq ki,  həmin nasazlıqları aradan qaldırsın”.

 

Ə.Hüseynov bildirib ki, birinci dəfə aşkarlanan texniki nasazlıq ikinci müayinədə yenidən aşkarlanarsa, bu, avtomobilin sürücünün cərimə edilməsinə yox, avtomobilin belə vəziyyətdə texniki baxışdan keçirilməməsinə səbəb olacaq:

“İkinci dəfə texniki baxışa gedəndə mütləq həmin nasazlıq aradan qaldırılmalıdır, ondan sonra avtomobil texniki baxışa təqdim olunmalıdır. Bir daha qeyd edirəm, buna görə cərimə nəzərdə tutulmur”. 

 

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, bildirişin təstiqlənməsi qanunda nəzərdə tutulan haldır.

“Avtomobil texniki baxışa gedirsə,bu zaman hərhansı bir nöqsan aşkarlanırsa, həmin nöqsanlar barədə sürücüyə bildiriş verilir. Növbəti il avtomobili həmin nasazlıqlarla təqdim etsəniz, o zaman yol polisinin haqqı çatır ki, avtomobili texniki baxışdan keçirməkdən imtina etsin. Amma birinci dəfə nasazlıqlara görə avtomobilin texnkini baxışdan keçirilməsindən imtina oluna bilməz.

Avtomobildə olan texniki nasazlıqlara görə 150 manat cərimə nəzərdə tutulmur. Həmin nöqsanlar aşkarlanacaqsa, sizə sadəcə məlumat veriləcək ki, əvvəlki müayinədən aşkar olunan nasazlıqlar qaldığına görə avtomobil texniki baxışdan keçirilmir. Ancaq həmin qüsurları aradan qaldırıdıqdan sonra avtomobili texniki baxışdan keçirmək olar”.

 

Ekspert bildirib ki, Azərbaycanda avtomobil servisləri də düzgün işləmir.

“Maşını servisdə müayinədən keçirib texniki baxış məntəqəsinə aparırsan, amma müayinə zamanı yenə də nöqsanlar aşkarlanır. Belə olan halda servisə yenidən müraciət etmək lazımdır. Ölkədə ən problemli sahələrdən biri avtoservislərdi.  Yaxşı olardı ki, yol polisinin texniki problemləri aradan qaldırmaq üçün bazası olsun. Mən bununla bağlı dəfələrlə təklif etmişəm. Texniki baxış məntəqələrində bu cür imkanlar yaradılsın, əgər sürücülərin maşınlarında problem yaranırsa, əlavə vaxt itirməsin. Elə yaxınlarda məntəqə yaradılsın və aşkar olunan problemlər tez bir zamanda həllini tapsın”.

 

106.3 radiosunda yayımlanan “Masterclass” verilişinin aparıcısı Raqif Raufoğlu bildirib ki, servis zəmanət verməlidir:

“Bizdə yeni qaydalara görə texniki baxışdan istənilən halda keçirsən. Əgər nasazlıq olarsa, deyirlər ki, gələn dəfə həmin nasazlıqları düzəldib gəlmək lazımdı. Bütün inkişaf etmiş ölkələrdə texniki baxışı dövlət eləmir, özəl şirkətlər həyata keçirir. Dövlət sanki bir tender elan edir, təmin edir ki, bu işdə sərbəst bazarın rolu olsun. Bizdə hələ ki, bu məsələ dövlətin nəzarətində qalır. Texniki baxış zamanı yeyinti hallarının qarşısının alınması üçün özəl sektora verilir. Gürcüstanda Saakaşvilinin zamanında avtomobillərin texniki baxışı dayandırıldı. Bu addım yeyintilərin qarşısının alınması üçün atılmışdı. Artıq Gürcüstanda texniki baxışa başlayır, özü də daha sərt qaydalarla”.

 

R.Raufoğlu bildirib ki, əgər sürücü avtomobilini texniki baxış məntəqəsinə aparmadan əvvəl servisdə yoxlatdırırsa və məntəqədə problem aşkarlanırsa, bu zaman problemin aradan qaldırılmasını servisdən tələb etmək lazımdır.

“Bizdə müstəqil ekspetiza mərkəzləri azdı. Dünyada belədir ki, sürücü texniki baxış məntəqəsində avtomobilində aşkarlanan nasazlıqlardan narazıdırsa, müstəqil ekspertiza məntəqələrinə müraciət edir. Həmin ekspertiza öz rəyini verəndən sonra şikayət oluna bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi