Modern.az

Yanvardan pensiyalar bu qədər ARTACAQ

Yanvardan pensiyalar bu qədər ARTACAQ

13 Noyabr 2019, 12:15

“Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Hesablama işlərinin nəticəsindən asılı olaraq, artımla bağlı müəyyən qərar qəbul ediləcək”.

Modern.az xəbər veerir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

Nazirliyin tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında çıxış edən Himalay Məmişovun sözlərinə görə, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçirilir.

“Gələn ilin əvvəlində 200 manat pensiya alacaq şəxsin pensiyası yalnız indeksləşdirmə xərcləri hesabına 27-30 manat artacaq".

H.Məmişov hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində pensiyaların qrafikdə nəzərdə tutulduğu vaxtdan daha tez veriləcəyini söyləyib. Onun sözlərinə görə, pensiya ödənişləri müəyyən qrafik əsasında həyata keçirilir. Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikdə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir.

“Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir".

 

Himalay Məmişov deyib ki, dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Qeyd edib ki, il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub.


H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlandığını deyib. Bildirib ki, onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb.  Növbəti addım kimi daha iki sosial təminat növü - sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb.


Fond direktoru diqqətə çatdırıb ki, il ərzində bu e-xidmət  təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə   təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək.


Sonra təyinat mexanizminin təqdimatı olub.


Qeyd edilib ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə -“Sosial ödənişlər” altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir. Şəxsin telefonu olmadıqda nazirliyin 142 - Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.


Tədbirdə bildirilib ki, vətəndaş məmnunluğuna imkan yaradan bu innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişlənəcək. Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.


Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.


Onu da bildirək ki, cari ildə sosial sahədə reallaşdırılan mühüm islahatların tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği də 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçün isə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi