Son beş ildə dünya üzrə ümumi daxili məhsulun 40 faizdən çoxu BRICS ölkələrinin payına düşüb. G7 ölkələrinin qlobal iqtisadiyyata töhfəsi isə 29 faiz təşkil edib.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS Biznes Forumunda çıxışı zamanı bildirib.
“Bu yeddiliyin niyə ‘böyük’ adlandırıldığı aydın deyil”, – Rusiya lideri G7 ölkələrinin göstəricilərini şərh edərkən deyib.
Putinin sözlərinə görə, avrozonanın aparıcı iqtisadiyyatlarında sənaye istehsalı 8 faiz azalıb və dünya iqtisadiyyatının əvvəlki liderlərini yeni “inkişaf lokomotivləri” əvəz edir.
Rusiya Prezidenti ölkəsinə qarşı 30 min sanksiyanın tətbiq olunduğunu da bildirib. Onun iddiasına görə, bu, digər ölkələrə qarşı birlikdə tətbiq edilmiş sanksiyaların sayından iki dəfə çoxdur.
Putin sanksiyaların təşəbbüskarlarının özlərinin iqtisadi geriləmə ilə üzləşdiyini və innovativ siyasət yürütmək imkanlarının zəiflədiyini söyləyib.
O, həmçinin Qərbi logistika marşrutlarına təzyiq göstərməkdə və gəmiləri ələ keçirməklə əvvəlki liderliyini bərpa etməyə çalışmaqda ittiham edib.
Putin BRICS-in qapalı birlik olmadığını, qarşılıqlı faydalı əməkdaşlıq üçün bütün dünya ölkələrinə açıq qaldığını vurğulayıb.