Modern.az

658 əməkdaşı öldü, qardaşını itirdi, özü sağ qaldı - İndi ABŞ-də naziridir

658 əməkdaşı öldü, qardaşını itirdi, özü sağ qaldı - İndi ABŞ-də naziridir

Dünya

Bu gün, 18:04

Bu gün ABŞ tarixinin ən ağır faciələrindən biri olan 11 sentyabr terror hücumlarının 25-ci ildönümüdür. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə hücum nəticəsində minlərlə insan həyatını itirmişdi.

Modern.az xatırladır ki, həmin gün ölümdən təsadüfən xilas olan və illər sonra ABŞ administrasiyasında yüksək vəzifəyə yüksələn şəxslərdən biri hazırda ölkənin ticarət naziri olan Hovard Lutnikdir.

Lutnik 11 sentyabr 2001-ci ildə Cantor Fitzgerald maliyyə şirkətinin Dünya Ticarət Mərkəzinin Şimal qülləsində yerləşən ofisində olmalı idi. Lakin həmin səhər oğlu Kaylı uşaq bağçasında ilk dərs gününə aparmışdı. Məhz bu səbəbdən işə gecikmişdi.

Lutnik sonradan həmin gecikmənin onun həyatını xilas etdiyini xatırlayıb. O, oğlunu məktəbə aparmasaydı, böyük ehtimalla şirkətin Şimal qülləsindəki ofisində olacaqdı.

Təyyarə Şimal qülləsinə çırpılanda “Cantor Fitzgerald”ın ofisləri göydələnin təyyarənin çırpıldığı hissədən yuxarısda yerləşirdi və şirkətin həmin mərtəbələrdə olan əməkdaşlarından heç biri faciə zamanı xilas ola bilmədi.

Faciə nəticəsində “Cantor Fitzgerald” ümumilikdə ın 658 əməkdaşı həlak oldu. Onların arasında Lutnikin qardaşı Harri də var idi. 11 sentyabr faciəsi zamanı şirkət Nyu-Yorkdakı 960 əməkdaşının təxminən üçdə ikisini həlak oldu. Lutnik isə həmin gün təkcə qardaşını deyil, dostlarını və illərlə birlikdə çalışdığı yüzlərlə insanı itirdi. Faciədən sonra onun qarşısında iki ağır vəzifə dayanırdı: şirkəti yenidən qurmaq və əməkdaşlarının ailələrinə yardım etmək.

Lutnik şirkətin fəaliyyətini dayandırmaq əvəzinə onu yenidən qurmağa qərar verdi. O, sonradan həmin günlər barədə danışarkən şirkətin qarşısında iki seçim olduğunu söyləmişdi: ya dostlarının dəfn mərasimlərinə getmək, ya da şirkəti ayaqda saxlayaraq həlak olan əməkdaşların ailələrinə yardım etmək. O, şəxsi vəsaitindən 1 milyon dollar ayırır və “Cantor Fitzgerald Relief Fund” xeyriyyə fondunu yaratdı.

Şirkət isə beş il ərzində mənfəətinin 25 faizini həlak olan əməkdaşların ailələrinə verməyi və onların yaxınlarına 10 il ərzində tibbi sığorta təmin etməyi öhdəsinə götürdü. Ümumi yardımın həcmi təxminən 180 milyon dollar oldu.

Yardım bununla da bitmədi. “Cantor Fitzgerald” sonrakı illərdə hər il xeyriyyə tədbiri keçirərək 11 sentyabr qurbanlarının xatirəsini yaşatdı. Sonradan yaradılan yardım fondunun fəaliyyəti terror aktlarından zərər çəkənlərlə yanaşı, təbii fəlakətlər və digər fövqəladə hallardan zərərçəkən insanları da əhatə etməyə başladı.

Lutnikin 11 sentyabrdan sonrakı həyatında şəxsi itki və biznesin bərpası bir-birindən ayrılmaz oldu. Onun sözlərinə görə, həmin faciə şirkətin bütün tarixini dəyişdi.

Bu gün isə həmin şəxs - Hovard Lutnik ABŞ Prezidenti Donald Trampın administrasiyasında ticarət naziri vəzifəsini tutur.

Lutnikin həyat hekayəsinin 11 sentyabr səhifəsi ayrıca diqqət çəkir: o, həmin gün oğlunu məktəbə apardığı üçün sağ qaldı, qardaşını və 657 həmkarını itirdi, daha sonra isə dağılan şirkətin və yüzlərlə ailənin taleyinə cavabdeh oldu. 11 sentyabrın 25-ci ildönümündə bu hekayə faciənin yalnız statistikalardan ibarət olmadığını da xatırladır.

Xatırladaq ki, 2001-ci il 11 sentyabr hadisələri zamanı 2977 nəfər dünyasını dəyişib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi