Magistraturaya qəbul olunan tələbələrin universitetlərdə qeydiyyatı zamanı sənədlərin tələb olunması məsələsi yenidən gündəmə gəlib. Tələbələrin bir hissəsindən fotoşəkil, tibbi arayış və digər fiziki sənədlərin istənilməsi bu tələblərin vahid qaydada olub-olmaması ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı Modern.az-ın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlik sorğuya cavab olaraq bildirib ki, tələbələrin qeydiyyatı artıq tam elektron qaydada “my.gov” platforması vasitəsilə həyata keçirilir.
Qeyd olunub ki, tələbə universitetə qəbul olunduqdan sonra ali təhsil müəssisəsinin öz daxili qaydalarına əsasən, arxiv üçün müəyyən fiziki sənədlər tələb oluna bilər.
Beləliklə, magistraturaya qəbul olunanlardan fotoşəkil, tibbi arayış və digər fiziki sənədlərin tələb edilib-edilməməsi vahid qaydada deyil, universitetlərin daxili tələblərindən asılı ola bilər.
Nicat Rüstəm