Modern.az

İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF

İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF

Media

21 Noyabr 2019, 17:15

Parlament Jurnalistləri Birliyi (PJB) ölkədə fəaliyyət göstərən bütün İctimai Nəzarət Şuralarının Forumunun keçirilməsini təklif edib. Təklifdə qeyd edilib ki, bu məsələ Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən gerçəkləşdirilə bilər.

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında belə bir forumun keçirilməsini dəstəkləyəcəklərini söyləyib.

 

O, qeyd edib ki, PJB-nin təklifi ölkə başçısının ictimai nəzarətin təşkil edilməsi ilə bağlı verdiyi tapşırıqların reallaşdırılması üçün mühüm addımlardan biri ola bilər:

 

“Çünki bu gün ictimai nəzarət necə olmalıdır, hansı forma və üslublardan istifadə olunmalıdır, bununla bağlı bir çox dövlət orqanlarında yetərli məlumat yoxdur. Yaxud dövlət orqanlarının bəziləri ictimai nəzarətin fəlsəfəsini qəbul etmək istəmirlər. Ona görə, yaxşı olar ki, belə bir forum keçirilsin.

Bu şəkildə əməkdaşlığın təmin olunması hökumət orqanlarının fəaliyyətinə töhfələr verə bilər. Həmçinin, müxtəlif qurumlar vətəndaş cəmiyyətindən mövcud problemlərin aradan qaldırılması istiqamətində səmərəli təkliflər ala bilər. İctimai Şuraların fəaliyyəti ictimai nəzarətin bu və ya digər formalarının səmərəli olduğunu göstərir.

Dünyada bu istiqamətdə səmərəli təcrübə mövcuddur. Bəzi dövlət orqanları yanında İctimai Şuranın yaradılmaması, ictimai dinləmənin, ictimai müzakirələrin yaxın buraxılmaması, ictimai sorğuların ikinci plana düşməsi həmin dövlət orqanlarının qapalılığının göstəricisidir.

Bütövlükdə vətəndaş cəmiyyəti dövlət orqanları və vətəndaşlar arasında etimad körpüsü rolunu oynayır. Ona görə bu forumun keçirilməsi həmin körpünü daha da möhkəmləndirə bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir