Modern.az

Naxçıvan Ali Məclisi də buraxılacaq?

Naxçıvan Ali Məclisi də buraxılacaq?

6 Dekabr 2019, 13:35

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, ölkə başçısının dünən imzaladığı sərəncamla 5 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi.

 

İctimaiyyət arasında belə bir fikir söylənilir ki, Azərbaycanda Milli Məclis buraxılıbsa, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də mütləq buraxılacaq. Bəs görəsən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin də buraxılmasına təsir edəcəkmi?

 

Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bunları söyləyib:

 

“Azərbaycanda Milli Məclisin buraxılmasının, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə heç bir adiyyatı yoxdur. Bildiyiniz kimi, onlar ayrıca bir muxtar respublikadır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında seçkilərin keçirilməsi qaydası başqa bir qanunla tənzimlənir. Bir məqamı qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin səlahiyyət müddəti hələ başa çatmayıb. Yəni onlar istədikləri zaman Ali Məclisi buraxa bilib, qərar qəbul edə bilərlər”.

 

Qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu