Modern.az

Şəhid Xudayar Yusifzadənin doğum günüdür

Şəhid Xudayar Yusifzadənin doğum günüdür

Aktual

Bu gün, 09:28

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən, "Vətən yaxşıdır" təsnifini ifası ilə milyonların qəlbində əbədi yaşayan Xudayar Yusifzadənin doğum günüdür.

Modern.az xatırladır ki, Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. O, 2004–2015-ci illərdə Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.

2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Xudayar sonradan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirərək gizir hərbi rütbəsinə yüksəlib.

2020-ci ilin iyulunda Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Xudayar Yusifzadə könüllü şəkildə döyüşlərə qatılmaq üçün müraciət edib.

Vətən müharibəsi başlayandan sonra Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edən Xudayar Yusifzadə 22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd istiqamətində qəhrəmancasına şəhid olub. O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2021-ci il fevralın 18-də onun təhsil aldığı Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində Xudayar Yusifzadənin büstünün açılışı olub.

Xudayar Yusifzadənin adı isə xüsusilə şəhidliyindən cəmi iki gün əvvəl cəbhədə mobil telefonla lentə aldığı "Vətən yaxşıdır" təsnifi ilə tarixə yazılıb. Sosial şəbəkələrdə milyonlarla insanın izlədiyi həmin ifa qısa zamanda Vətən müharibəsinin rəmzlərindən birinə çevrilib. Xalq artisti Əlibaba Məmmədovun xeyir-duası ilə bu ifa sonradan "Xudayar təsnifi" kimi tanınıb.

Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri isə Əliağa Vahidə məxsusdur. Bu gün də Xudayar Yusifzadənin səsi qəhrəmanlıq salnaməsinin, Vətən sevgisinin və şəhidlik zirvəsinin unudulmaz rəmzlərindən biri kimi yaşayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Azərbaycanlıların olduğu gəmini vurdu - ŞOK GÖRÜNTÜLƏR