Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bəzi bölgələrində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Modern.az xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə ayrı-ayrı ərazilərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi gözlənilir.
Nazirlik bununla əlaqədar vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bildirilib ki, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, belə təhlükə yaranacağı təqdirdə isə dərhal yaxınlıqdakı yüksək əraziyə çıxmaq lazımdır.
İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamaq tövsiyə edilir. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırım təhlükəsi keçənədək gözləmək məsləhət görülür.
FHN güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, eləcə də iri ağacların altından uzaq durmağı tövsiyə edib.
Nazirlik həmçinin küləkli havada yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, güclü külək yanğınların söndürülməsini çətinləşdirdiyi üçün ehtiyatsız davranış ciddi fəsadlara səbəb ola bilər.
Bununla yanaşı, vətəndaşlara güclü küləkli hava şəraitində dənizə girməmək, kiçikhəcmli gəmi istifadəçilərinə isə dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.
FHN xatırladıb ki, təhlükəli vəziyyətlə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.
Nazirlik müraciətini "Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!" çağırışı ilə yekunlaşdırıb.