Rusiyanın keçmiş müdafiə nazirinin müavini Timur İvanovun Ukraynadakı müharibə zonasına göndərilməsi ilə bağlı müraciəti təmin edilməyib.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə Moskva Hərbi Komissarlığının onunla hərbi xidmət müqaviləsi bağlamaqdan imtina etməsinə dair qərarından verilən şikayəti rədd edib.
Məlumata görə, dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Timur İvanov iki dəfə cəbhəyə göndərilməsi üçün müraciət edib. O, ilk müraciətində mayor rütbəsində xidmət etmək istədiyini bildirib, sonrakı müraciətində isə istənilən rütbə və vəzifədə xidmət etməyə hazır olduğunu qeyd edib.
Lakin hər iki müraciətə mənfi cavab verilib.
Qeyd edək ki, Timur İvanov Krım bərə keçidi üçün gəmilərin tikintisi zamanı dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib. Bundan əlavə, onun barəsində 1,3 milyard rubl məbləğində rüşvət alma ittihamı ilə daha bir cinayət işi də açılıb.