Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə Şuşada keçirdiyi görüş iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Görüşdə enerji, iqtisadiyyat, investisiyalar, müdafiə sənayesi, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Səfərin məhz Şuşada baş tutması isə həm siyasi, həm də simvolik baxımdan xüsusi diqqət çəkir.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Slovakiya ilə münasibətlər son illər bütün istiqamətlər üzrə inkişaf edir:
"Bu səfər o mənada əhəmiyyətlidir ki, bizim ikitərəfli münasibətlərimiz dərinləşir. Energetika, turizm, investisiyalar, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıq genişlənir. Slovakiya hökuməti Qarabağda bərpa işlərinə də cəlb olunub və bir kəndin yenidən qurulmasında iştirak edir."
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin xarici liderlərin Qarabağa səfərlərinə xüsusi önəm verməsi təsadüfi deyil:
"Cənab Prezidentin uzaqgörən vizyonu ondan ibarətdir ki, dünyanın diqqəti Şuşaya və burada aparılan bərpa işlərinə yönəlsin. Xarici liderlərin Qarabağa gəlməsi həm bölgənin inkişafını göstərir, həm də işğal dövründə törədilən dağıntıların beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir."
Milli Məclisin digər üzvü Elçin Mirzəbəyli isə hesab edir ki, Şuşa görüşü Azərbaycan-Slovakiya münasibətlərində siyasi dialoq mərhələsindən praktik əməkdaşlıq mərhələsinə keçidin göstəricisidir.
Onun fikrincə, yaxın dövrdə müdafiə sənayesi, enerji və yüksək texnologiyalar sahəsində konkret layihələrin həyata keçirilməsi mümkündür:
"Şuşa görüşünün nəticələri göstərir ki, münasibətlərin növbəti mərhələsi daha çox praktiki əməkdaşlığa söykənəcək. Əgər son illərdə əsas diqqət siyasi təmaslara yönəlmişdisə, bundan sonra konkret iqtisadi, texnoloji və sənaye layihələri ön plana çıxacaq."
Deputat xüsusilə müdafiə sənayesi və enerji sahəsində əməkdaşlığın perspektivlərinə diqqət çəkib:
"Azərbaycan qazının Slovakiyaya çatdırılması artıq başlanıb. Eyni zamanda müdafiə sənayesi sahəsində texnologiya transferi, birgə istehsal və yeni əməkdaşlıq modelləri üzərində iş aparılır. Bu istiqamətlər münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir."
Beləliklə, Slovakiya Prezidentinin Şuşaya səfəri təkcə diplomatik protokol hadisəsi deyil, həm də Azərbaycan-Slovakiya əlaqələrinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesaj kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, qarşıdakı dövrdə əməkdaşlığın əsas göstəricisi siyasi bəyanatlardan daha çox konkret iqtisadi, enerji, logistika və texnoloji layihələrin reallaşdırılması olacaq.