Modern.az

Aran rayonlarında QURAQLIQ: “Fermerlərimiz arasında ciddi narahatlıq var”

Aran rayonlarında QURAQLIQ: “Fermerlərimiz arasında ciddi narahatlıq var”

6 Yanvar 2020, 14:27

Hazırda qışın oğlan çağında olsaq da, Azərbaycan ərazisinə yağıntılar olduqca az düşür. Obrazlı desək, payızda yağışa, qışda qara həsrətik. Bu isə aqrar sahəyə mənfi təsir edir, həm quraqlığa səbəb olur, həm də zərərvericilərin artmasına zəmin yaradır.

 

Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli məsələ ilə bağlı Modern.az-a bildirib ki, meteoroloji baxımdan hazırda Azərbaycanda keçənilki vəziyyət müşahidə edilir:

 

“Qış mövsümü dekabrda qədəm qoysa da bizim aktiv dövr yanvarın ikinci yarısında - “Kiçik çillə” deyilən vaxtdan başlayır və aprel ayınadək davam edir.

Noyabr nisbətən yağıntılı olub. Dekabrın sonunda əkinçilik rayonlarında olarkən quraqlıqla bağlı çox həyəcanlı vəziyyətə şahidlik etdim. Təxminən 18 Aran rayonunda əkinçilik formalaşıb. Kifayət qədər yağıntı düşmədiyinə görə, taxıl sahələrində mövsümə uyğun çıxışın baş vermədiyi görünür.

Məntiqlə sentyabr-oktyabr aylarında əkilmiş taxıl artıq kollama fazasına qədəm qoymalı və yanvar ayında qışlama dövrü başlamlı idi. Qışlama dövründə bitkinin vegetativ inkişafı dayanır, amma güclü kök sistemi sayəsində qışlama uğurlu keçir. Aran rayonlarında quraqlıqla bağlı fermerlərimiz arasında ciddi narahatlıq var. Bildiyiniz kimi bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də rəsmi olaraq su resurslarının 15 faiz azalması ilə bağlı bəyanat verdi. Bu, çox ciddi məsələdir.

Mənim fikrimcə, bu il də ötənilki kimi möcüzə baş verməyəcək. Yəni bizim iqlim tipimiz budur. Müşahidələr deməyə əsas verir ki, su rezervlərində quraqlıq, suvarma kanallarında suyun  səviyyəsinin azalması müşahidə olunur. Bu vəziyyətə müdaxilə etmək lazımdır. Müdaxilə isə aidiyyatı qurumlar tərəfindən sututarların yaradılması ilə ola bilər. Sututarlar axar və itkiyə gedən suların qarşısında bənd qurmaqla yaradılır. Biz həm də sudan səmərəli istifadəni təmin etməliyik. Suvarma kanallarının çoxu torpaq kanallardır, sağa-sola sızma verir. Həm torpaqları şoranlaşdırır, həm də itkiyə gedir. Fermerlərimizin bəziləri bilgisizlik ucbatından selləmə-suvarma metodundan geniş istifadə edirlər ki, bu da itkiyə səbəblərdən biridir.  Mövsüm ərzində 1 hektarın suvarılması üçün 800 kub su tələb olunursa, bu, sudan düzgün istifadə edilməməsi deməkdir. Nə məhsuldarlığa xeyir verir, nə də torpağa.

Dekabr ayı aqronomiya baxımından dodnurma suyundan istifadə edilir. Dondurma suyu zərərvericilərə qarşı çox effektiv mübarizə üsuludur, onların yuvaları dağılır, məhv olurlar. Yaz aylarında temperatur yüksəldikcə torpağın üzərinə çıxıb bitkiyə zərər verməsinin qarşısının alınmasının ən yaxşı üsulu dondurma suyudur.

Hazırkı şəraitdə müşahidə edilən quraqlıq, birmənalı olaraq, yaz aylarında taxıl sahələrində siçanabənzər zərərvericilərin çoxalmasına səbəb olacaq. Onlarla mübarizə aparmaq əlavə resurs, vəsait və vaxt tələb edəcək”.

  

N.Nəsirli qeyd edib ki, quraqlıq ümumilikdə çox qlobal problemdir:

 

“Atmosfer çöküntüləri-qar, dolu düşməsi su mənbələridir. Biz isə qar görümürük. Qarın təsərrüfat üçün əhəmiyyəti böyükdür. Qar yağan zaman torpaq nəmlənir, bitkinin kollama fazası güclənir. Məhsuldarlığın 60 faizi məhz bu mərhələdə təmin olunur. Hazırda bir çox taxıl sahələrində çıxış yoxdur. Çıxışın olmaması suvarma suyunun yoxluğundan irəli gəlir. İndiyədək taxıl sahəsində çıxış yoxdursa, indidən belə oradan faydalı nəsə çıxmayacaq. Fermer məcbur olub yazda təkrar əkin aparacaq. Apreldə aparılan əkin isə yazlıq sayılır. Yəni çörəkbişirmə üçün yox, toyuq-cücəyə, heyvana yem çıxır. Ümumiyyətlə, bu çox ciddi məsələdir və qlobal problem olaraq, həll edilmədən qalır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır