Modern.az

Avropa azərbaycanlıları Berlinin mərkəzində Dilqəmlə Şahbazın azadlığını TƏLƏB EDƏCƏK

Avropa azərbaycanlıları Berlinin mərkəzində Dilqəmlə Şahbazın azadlığını TƏLƏB EDƏCƏK

18 Fevral 2020, 11:17

Fevralın 22-də Almaniyanın paytaxtı Berlində Qarabağ mitinqi keçiriləcək.

 

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Yaşar Musayev Modern.az-a açıqlamasında bildirib ki, mitinqin miqyası geniş olacaq:

“Proqram  “Xocalıya ədalət”  kampaniyası çərçivəsində həyata keçirilir. Qarabağın işğaldan qeyd-şərtsiz azad olunması, beynəlxalq hüququn erməni işğalçıları və onları dəstəkləyən qüvvələr tərəfindən tanınması və əməl olunması, soydaşlarımızın öz tarixi torpaqlarına qayıtmasının təmin olunması mitinqdə bir daha səslənəcək”.

 

İdarə Heyəti sədrinin sözlərinə görə, mitinqdə əsir və girovlarımızın azadlığının təmin olunması da öz əksini tapacaq:

“Mitinqdə  Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri məlum qərar və qətnamələrə Ermənistan tərəfinin riayət etməsi tələbləri də səsləndiriləcək”.

 

Yaşar Musayev onu da qeyd edib ki, bütün Avropa ölkələrində yaşayan həmvətənlərimiz və Azərbaycanı sevənlər fevralın 22-də Berlində keçiriləcək Qarabağ mitinqinə dəvət olunub. Mitinq Berlinin mərkəzində, tarixi Brandenburq qapılarının qarşısında baş tutacaq. Aksiya saat 13:00-dan 15:00-a qədər davam edəcək.  

 

Qeyd edək ki, izdihamlı mitinq 2019-cu il Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində keçirilib.

 

Xatırladaq ki, bu il Xocalı soyqrımının 28-ci ili tamam olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı