Modern.az

“İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli

“İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli

Aktual

23 Fevral 2020, 20:33

“Bildiyiniz kimi, bu ayın 19-da cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri baş tutub. Azərbaycanla İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər bütün sahələrdə inkişaf etməkdədir”.

Bu fikirləri Modern.az-a açıqlamasındaAzərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli deyib.

O bildirib ki, bu günə qədər İtaliyaya çoxlu sayda  səfərlər olub:
“Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev İtaliyaya rəsmi səfər edib. Bundan  başqa cənab Prezident İlham Əliyevin  çoxlu  sayda həm işgüzar, həm də rəsmi səfərləri baş tutub. 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Bu bəyannamə Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Bu bəyannamə imzalandıqdan sonra İtaliya ilə Azərbaycan arasında olan münasibətlər daha da sürətlə inkişaf etdirməyə başlayıb”.

Azər Kərimlinin sözlərinə görə, bu dəfəki səfər isə dövlət səfəri olaraq həyata keçirildi ki, bu da çox önəmli faktorlardan biridir:
“Bu dəfəki  səfər çərçivəsində  iki dövlət arasında 25-dən artıq sənəd imzalanıb. Hesab edirəm ki, bu sənədlər arasında ən önəmlisi, ən vacibi strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamədir ki, bunu da Azərbaycan İtaliya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Bilirsiz ki, cənab Prezident  İtaliyanın prezidenti cənab Sercio Mattarella, İtaliya Respublikası Senatının sədri senator xanım Maria Elisabetta Alberti Kaselatti,  İtaliyanın  Deputatlar Palatasının sədri Roberto Fiko ilə  çox yüksək səviyyədə görüşlər həyata keçirdi. Bu görüşlərin hər birinin əhəmiyyəti yüksəkdir”.

Deputat İtaliyanın Avropanın 3-cü iqtisadiyyat ölkəsi olduğunu deyərək, Asiya və Avropa arasında körpü rolunu oynadığını da qeyd edib:
“Həmçinin, İtaliya beynəlxalq təşkilatlarda da yaxşı təmsil olunur. İtaliya Azərbaycanın bir nömrəli ticari, iqtisadi tərəfdaşıdır. Son  illər İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6 milyard dollardan, son 10 ili götürsək isə 55 milyarddan çox olub.
İtaliya ilə Azərbaycan arasında əlaqələr təkcə iqtisadi sahədə deyil.  Bu münasibətlər həyatımızın bütün sahələrini, həm mədəni, həm humanitar, həm də təhsil sahələrini də əhatə edir. Eyni zamanda, sonuncu səfər zamanı yeni sahələrlə əməkdaşlığın əsası qoyulub”.

Azər Kərimli İtaliyanın Qarabağ məsələsinə yanaşmasından da söz açıb:
“İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.  2010-cu ildə İtaliya senatı Cənubi Qafqazdakı vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə də dövlətlərin sərhədlərinin dəyişdirilməsi yalnız onların razılığı əsasında baş  tuta bilməsi, münaqişələrin həllində  ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsi qeyd olunurdu.  Həmin ildə də İtaliyanın deputatlar palatasının xarici əlaqələr komitəsi eyni məzmunlu qətnamə qəbul edib. Sevindirici haldır ki, qeyd etdiyim çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamədə də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və qeyd olunur  ki, bu münaqişə Helsinki Yekun Aktının müddəaları və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətanməsi ATƏT-in qətnamələri əsasında öz həllini tapmalıdır”.

İşçi qrupunun rəhbəri Azərbaycanla İtaliya əlaqələrinin bir çox mühüm məqamları barədə də danışıb:
“Bunlardan ən  əsası isə Cənub Qaz Dəhlizinin son mərhələsi olaraq TAP layihəsini qeyd etmək istəyirəm ki, bu da 92% qismində həyata keçirilib. Görüşlərdə cənab prezident qeyd etdi ki, gələn il Cənub Qaz Dəhlizininin TAP layihəsinin artıq inşasının başa  çatması gözlənilir”.

A.Kərimli həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında hərbi sahədə olan əməkdaşlığa da öz töhfəsini verəcək:
“Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” şirkəti arasında sənəd imzalanıb. Bu da “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlıdır. Bütün bunlar iki ölkə arasında olan əlaqələri daha da gücləndiriləcək”

Deputat ikitərəfli əlaqələrdən danışarkən 2020-ci ilin  İtaliyada “Azərbaycan ili” qeyd olunmasını da bildirib:
Bu da  Azərbaycan mədəniyyətinin, tarixinin, Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılmasında  böyük rol oynayacaq. Həmçinin, təhsil sahəsində də əlaqələr yaxşı qurulub. Bu gün 1500-dən artıq tələbə İtaliyada  təhsil alır. Bu dəfəki səfər çərçivəsində ADA Universiteti  İtaliya Universitetlərinin biri ilə müqavilə imzalandı. Bu onu göstərir ki, tələbələrin qarşılıqlı təhsil alması daha da artacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!