2026-cı ildə görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir.
Modern.az xəbər verir ki, yubiley çərçivəsində Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Lətif Kərimovun 120 illiyinə həsr olunmuş Azərbaycan xalçaları sərgisi təşkil edilib.
Azərbaycan Mədəniyyət Mərkəzi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin direktoru Leyla Qasımova Lətif Kərimovun Azərbaycan xalçaçılığının inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, onun elmi və yaradıcılıq irsi xalçaçılıq ənənələrinin öyrənilməsi, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov isə Azərbaycan xalçasının xalqın tarixini, dünyagörüşünü və mədəni yaddaşını yaşadan mühüm milli irs nümunəsi olduğunu qeyd edib.
Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən “Azərxalça”ya məxsus xalçalar nümayiş etdirilib. Ziyarətçilərə nümunələrin ornamentləri, kompozisiyası və toxuculuq xüsusiyyətləri barədə məlumat verilib.
Ekspozisiyanın maraq doğuran hissələrindən biri ənənəvi xalça toxuma prosesinin canlı nümayişi olub. Azərbaycandan Vyanaya gəlmiş xalçaçı usta dəzgah arxasında xalça toxuyaraq ziyarətçilərə ilmə vurma qaydasını göstərib. Qonaqlar da xalça toxumağı sınamaq imkanı əldə ediblər.
Sərgi çərçivəsində Azərbaycan xalçaçılığının tarixi, Lətif Kərimovun həyat və yaradıcılığı, əsas xalçaçılıq məktəbləri və nümayiş olunan nümunələr barədə məlumatların yer aldığı elektron platforma hazırlanıb. Məlumatlar Azərbaycan, alman, ingilis, italyan, türk və rus dillərində təqdim olunub.
Sərgi oktyabrın 3-də Avstriyanın “ORF Lange Nacht der Museen” (“Muzeylərin uzun gecəsi”) festivalı çərçivəsində də təqdim edilib.
Festival zamanı uşaqlar üçün Azərbaycan xalçalarının ornamentləri əsasında rəngləmə materialları və kiçik toxuculuq dəzgahları təqdim olunub.
Azərbaycan Mədəniyyət Mərkəzi artıq dördüncü ildir festivalda iştirak edir. Bu il Mərkəzi 400-dən çox ziyarətçi ziyarət edib ki, bu da son dörd ildə ən yüksək göstəricidir.





