Modern.az

Şəhid kapitanın yarımçıq qalan arzusu belə gerçəkləşdi – Həyat yoldaşı danışdı

Şəhid kapitanın yarımçıq qalan arzusu belə gerçəkləşdi – Həyat yoldaşı danışdı

Qarabağ

Bu gün, 17:05

Müharibənin 4-cü günü idi... Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün irəliləyir, Vətən oğulları şəhadətə yüksəlirdi. 2020-ci il sentyabrın 30-da şəhid olanlardan biri də kapitan Pərviz Məmmədov idi.

Pərviz Məmmədov hərbçi olduğu üçün Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edirdi. O, müharibənin 4-cü günündə şəhidlik zirvəsinə ucaldı.

1552179

Arxada isə onun həyat yoldaşı Ayşə Məmmədovanı və oğlu Tuncayı qoydu. Pərvizin arzuları yarımçıq qalsa da, həyat yoldaşı illərdir onun istəklərini yaşatmağa çalışır.

Ayşə Məmmədova Modern.az-a danışarkən Pərvizin uşaqlıqdan gələn arzularından söz açıb.

1552182

O bildirib ki, özü əvvəlcə bağça müəllimliyi üzrə təhsil alıb:

“Mən bağça müəllimliyini oxuyurdum. Amma Pərvizin xəyalı mənim ibtidai sinif müəllimi olmağım idi. Kolleci bitirməyimə az qalmış dedi ki, məzun olandan sonra ibtidai sinif müəllimliyini oxuyarsan. Mən o vaxt oxumaq istəmirdim, deyirdim ki, oxumayacağam. Amma bu gün anlayıram ki, məndən bunu istəyən kapitan Pərviz deyildi. O arzunun sahibi anasını 6 yaşında itirmiş, müəllimini anası yerinə qoyan balaca Pərviz idi.”

Ayşə xanım deyir ki, Pərviz şəhid olduqdan sonra onun müəllimi ilə görüşüb və əllərindən öpüb:

“Pərviz üçün o qadın ana əvəzi idi. Mən də Pərvizin şəhidliyindən sonra onun müəllimi ilə görüşdüm, əllərindən öpdüm. Çünki bilirdim ki, Pərvizin həyatında həmin insanın yeri tamam başqadır.”

Şəhid kapitanın həyat yoldaşı illər sonra Pərvizin arzusunu reallaşdırıb. Hazırda ibtidai sinif müəllimi kimi çalışan Ayşə xanım rəhbərlik etdiyi sinfə şəhid Pərviz Məmmədovun adını verib.

“Mən bu gün hər bir uşağa müəllim kimi yox, ana şəfqəti ilə yanaşıram. Ehtiyacı olan uşaqlara vəsaitlərini alıb verirəm. Səbəbini soruşanda deyirəm ki, bunu iki səbəbdən edirəm: birincisi Pərvizə görə, ikincisi isə uşaqları sevindirmək üçün.”

Ayşə xanım Pərvizlə son danışığını da unutmur. Həmin söhbət müharibənin ilk günlərində, sentyabrın 30-da baş tutub.

1552184

“Son danışığımız sentyabrın 30-u oldu. Mənə danışmağa qoymadı, elə öz arzu və diləklərindən danışdı. Bizi Allaha həvalə edib sağollaşdı. Söhbətimizin əsas hissəsi isə oğlumuz Tuncayla bağlı idi. O, Tuncay doğulduğu gündən deyirdi ki, hərbi polkovnik olacaq.”

Həmin telefon danışığından sonra Ayşə xanımın ürəyinə narahatlıq düşüb:

“Son danışığımızdan sonra çox narahat idim. Axşam atamgildə olanda Pərvizin ailəsinə zəng edib dedim ki, Pərvizlə danışmısınız bu gün? Sonra telefonda qışqırıq səsləri gəldi. Özümü çatdıranda mənə dedilər ki, yaralanıb. Mən inanmadım. Onun mənə vəsiyyət etdiyi kimi 40 gün, 40 gecə ağladım, yasını tutdum. Sonra da onun arzularını reallaşdırmağı özümə hədəf qoydum.”

Ayşə xanım Pərvizin uşaqlara münasibətindən də danışıb. Onun sözlərinə görə, Pərviz xüsusilə uşaqların saçlarına diqqət edərmiş:

“Uşaqların saçına fikir verirdi. Dağınıq, uzun saçlı uşaq görəndə deyirdi ki, yəqin yetimdir. Ona görə də Tuncayın saçının uzun olmasını istəməzdi.”

1552183

Söhbət zamanı Ayşə xanımın Pərvizdən sanki həyat yoldaşından deyil, uşaqlıqdan tanıdığı balaca bir oğlandan danışması diqqət çəkir. O isə bunun səbəbini belə izah edir:

“Biz bir-birimizin hər şeyi idik. Onun uşaqlıqda görmədiyi ana şəfqətini ona göstərməyə çalışırdım. Biz bir il sevgili, üç il nişanlı qaldıq. Sevgimizə ailələrimiz qarışdı. Pərviz hərbçi idi deyə atam məni bu fikirdən daşındırmağa çalışdı, amma bacarmadı.”

Bu gün Ayşə xanım Pərvizin yarımçıq qalan arzularını yaşatmağa çalışır. Məktəbdə şagirdlərinə yalnız müəllim kimi deyil, bir ana kimi qayğı göstərir. Pərvizdən ona yadigar qalan oğlu Tuncayın da atasının arzuladığı kimi böyüməsi üçün əlindən gələni edir.

Pərviz Məmmədovun arzularından biri artıq gerçəyə çevrilib. Onun həyat yoldaşı bu gün ibtidai sinif müəllimidir və şagirdləri arasında sevilir.

Bəlkə də Ayşə xanımın sözləri ilə desək, Pərvizin ruhunun şad olduğuna inanmaq üçün ən böyük səbəb elə budur – onun arzuladığı müəllim həyat yoldaşı və atasının arzuladığı gələcəyə doğru böyüyən oğlu var.

Lamiyə Cənnətzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?