Modern.az

Azərbaycan-Türkiyəyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK?

Azərbaycan-Türkiyəyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK?

Analitika

Bu gün, 11:30

Son həftələrdə Azərbaycan-Türkiyə münasibətləri ətrafında sosial mediada yaradılan süni gərginlik təsadüfi hadisəyə oxşamır. Bunu anlamaq çətin deyil.

Dünya əvvəlki deyil, hər şey dəyişib.

Siyasi dünyayada köhnə ikiqütblü və çoxqütblü nizamın yerini daha çevik, situasiyaya görə dəyişən tərəfdaşlıqlar tutur. Dövlətlər artıq "ya mənimlə, ya əleyhimə" məntiqi ilə deyil, mövzudan-mövzuya fərqli koalisiyalarla hərəkət edir.

İqtisadi dünya bir başqa olub. Qloballaşmanın əvəzinə "dost ölkələr arasında ticarət" (friend-shoring) prinsipi gəlir. Tədarük zəncirləri yenidən coğrafi-siyasi müttəfiqlik xətləri üzrə qurulur, bunun bariz nümunəsini biz məhz Orta Dəhliz və Trans-Xəzər marşrutlarının gücləndirilməsində görürük.

Mədəni dünya mədəniyyətdən uzaqlaşıb. İnformasiya məkanının sərhədsizləşməsi imkanla yanaşı təhdiddir. Eyni platforma həm xalqları yaxınlaşdıra, həm də manipulyasiya alətinə çevrilə bilər.

İdman dünyası siyasi arenadır sanki, indi idman bir növ yumşaq gücün (soft power) alətidir, dövlətlər beynəlxalq turnirlər, klub alqı-satqıları və idman diplomatiyası vasitəsilə nüfuz formalaşdırır.

Hüquqi dünya az qala insanların hüquqsuzluğuna xidmət edir. Beynəlxalq hüququn klassik institutları (BMT Təhlükəsizlik Şurası, əvvəlki nizamın arbitrləri) getdikcə zəifləyir, regional hüquqi-siyasi formatlar (TDT kimi) alternativ meydança kimi güclənir.

Hərbi dünya çox dəyişib. Ənənəvi hərbi bloklar yanında kiçik, çevik, regional müdafiə ittifaqları strateji əhəmiyyət qazanır.

Media dünyası öz funksiyasını itirib. Yerini sosial mediaya verib.

Bu müstəvilərdəki çalxalanma fonunda bizim üçün Türk Dövlətləri Təşkilatının (TDT) real gücə çevrilməsi diqqəti çəkir.

Naxçıvandan başlayan yol

Tarixi faktlara nəzər salaq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bugünkü TDT-nin sələfi 2009-cu il oktyabrın 3-də məhz Naxçıvanda imzalanan sazişlə yaradılıb. Hesab etmək olar ki, həmin tarix Azərbaycanın Türk dünyasının institusionallaşmasında lider rol oynamasının simvolik başlanğıcı idi. 2019-cu ildə Özbəkistan tam üzv statusu alıb, Türkmənistan müşahidəçi statusuna yiyələnib, 2021-ci il İstanbul Zirvəsində təşkilatın adı Türk Dövlətləri Təşkilatına çevrilib və "Türk dünyasına baxış -2040" sənədi qəbul edilib.

Təşklat mədəni-simvolik klub olmaq sərhədlərini adlayaraq siyasi, iqtisadi, nəqliyyat və getdikcə hərbi əlaqələndirmə funksiyası daşıyan institusional quruma çevrilir. Prosesdə Azərbaycan həm coğrafi mövqeyinə, həm diplomatik təcrübəsinə, həm də Türkiyə ilə formalaşdırdığı nümunəvi tərəfdaşlığa görə lokomotiv və ideoloji mərkəz rolunu oynayır.

Diqqətəlayiqdir ki, hətta tarixi-mədəni kökləri türk xalqlarına bağlı olan İran da bu inteqrasiya prosesinə marağını gizlətmir. Proseslər TDT-nin cəlbediciliyinin artdığının göstəricisidir.

Kimlər və niyə narahatdır

Güclənən, rəsmi sərhədlərini aşıb real iqtisadi-hərbi güc toplayan bir birlikdən kim narahat olar?

Əlbəttə ki, status-kvonu qorumaq istəyən, regional nüfuzunu bu inteqrasiyanın itirmək riski ilə üz-üzə görən aktorlar.

Bunun ən bariz nümunəsi İranın Zəngəzur dəhlizi konsepsiyasına açıq etirazıdır. Burada maraqlı bir üst-üstə düşmə müşahidə olunur. Tehranın narahatlığı ilə Ermənistanın maraqları kəsişir. Bu kəsişmənin təsadüfi olmadığını Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın son İran səfəri və orada müzakirə olunan məsələlər bir daha göstərdi.

Təəssüf doğuran odur ki, bu maraqlar toqquşmasının əks-sədası Türkiyənin öz içində də eşidilir. Burada söhbət ümumi türk cəmiyyətindən getmir,  sadə türk vətəndaşı həm erməni, həm fars amilini çox yaxşı tanıyır, bu oyunların mexanizmini anlayır. Söhbət informasiya məkanında fəaliyyət göstərən, mənşəyi və meyilləri fərqli olan dar bir seqmentdən gedir.

Şuşa Bəyannaməsi bir qism üçün qorxu doğuran sənədə çevrilib

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş dövlətin dünyaya verdiyi aydın mesaj idi. Burada müstəqillik, suverenlik və qarşılıqlı dəstək ön plana çəkliridi. Bu sənəd təsadüfən "qorxu doğuran sənədə" çevrilməyib, səbəb odur ki, institusionallaşmış, hüquqi bazaya əsaslanan bir tərəfdaşlığı rəsmiləşdirib. Bunu isə pozmaq mümkün deyil. Şuşa Bəyannaməsi bu mənada çoxları üçün qorxulu sənəddir.

Eyni qorxu TDT-nin varlığına da şamil edilir. Burada da səbəb sadədir, dünyanın dörd bir yanına səpələnmiş, zəhmətkeş, bacarıqlı, güclü iqtisadi potensiala malik türk xalqlarının vahid institusional çətir altında birləşməsi heç bir güc mərkəzi üçün arzuolunan ssenari deyil.

Standartların ikili tətbiqi, faktlarla müqayisə

Burada analitik baxımdan ən güclü arqumentlərdən birinə gəlirik, Kipr nümunəsi. Qazaxıstan TDT-nin tam hüquqlu üzvüdür, rəsmi olaraq Kipr Respublikasını tanıyır, Şimali Kipr Türk Respublikasını isə faktiki görməzliyə vurur. Bu mövqeyə görə Türkiyədə heç kim Astananı ictimai mühakimə predmetinə çevirməyib, "qardaşlığa xəyanət" damğası vurmayıb. Azərbaycan məhz əksinə hərəkət edərək Şimali Kipr Türk Respublikasına rəsmi dəstəyini bildirib, bunu qardaşlıq borcu hesab edib. Bu, Bakının prinsipial mövqeyinin konkret sübutudur.

Fələstin nümunəsinə diqqət edək, Qarabağ torpaqları Ermənistan tərəfindən işğal altında olan dövrdə, Fələstinin Ermənistanla dostluğuna, saxladığı əlaqələrə baxmayaraq, Azərbaycan Fələstinə hər zaman isti münasibət göstərib, onun ərazi bütövlüyünü tanıyıb. Azərbaycan özü illərlə müharibə, işğal və itki yaşamış dövlət olaraq, prinsipcə müharibəyə, qana, ölümə qarşıdır. Bu yanaşma mücərrəd deklarasiyadan uzaq öz tarixi təcrübəsindən doğan əxlaqi mövqedir.

Bu iki faktı yan-yana qoyduqda sual özü-özünə yaranır, Azərbaycan nə Kipr, nə Fələstin məsələsində ikili standart nümayiş etdirməyibsə, ona qarşı Türkiyədən arzuolunmaz yanaşma haradan doğur?

İsrail-Fələstin qarşıdurmasının nə səbəbkar, nə hərəkətverici qüvvəsi, nə də ilhamvericisi Azərbaycandır. Bunu Türkiyədə bu kampaniyanı başladanlar da çox yaxşı bilir. Məhz buna görə də söhbət hədəflənmiş manipulyasiyadan gedir.

Sosial media, idarə olunmaz xaos, yoxsa idarə olunan alət?

Burada vacib konseptual aydınlığa ehtiyac var, sosial media təqdim edildiyi kimi tam idarəolunmaz, kortəbii bir meydan deyil. Əgər Azərbaycana qarşı sistemli qarayaxma kampaniyası aparılırsa, bu, Türkiyə hakimiyyətinin xəbərsiz olduğu bir proses ola bilməz. Hakimiyyət bunun qarşısını almaqda aciz də deyil.

Təəssüf ki, bəzi hakimiyyət dairələrində bu kampaniyada maraqlı olan qüvvələr mövcuddur. Onlar adları türk, mənşəyi və meyilləri isə erməni, fars və rus təsirinə bağlı olan seqmentlərdir. Bu, nə Türkiyə dövlətinin, nə türk millətinin ümumi mövqeyidir, səsküylü bir azlığın fəaliyyətidir.

Azərbaycan tərəfində isə bu simmetriyanı tapmaq mümkün deyil. Azərbaycanda Türkiyəyə qarşı çıxan təşkilatlanmış bir qüvvə yoxdur. Azərbaycan cəmiyyəti TDT-yə və Türkiyəyə bağlıdır. Əgər kimsə sosial mediada fərqli bir şey yazırsa, bunu bilmək lazımdır, onlar nə azərbaycanlı, nə türkdür, mənsubiyyətlərindən asılı olmayaraq, kənar maraqların səsidirlər.

İki dövlətin bir millətinə qarşı bu həqarətin qarşısında susmaq strategiyasızlıqdır. Burada hər institutun öz məsuliyyəti var:

Deputatlar susmamalıdır. Xüsusuilə parlamentlərarsı işçi qrup üzvləri bu məsələdə aktiv mövqe nümayiş etdirməli, birbaşa dialoqa girməlidirlər.

Jurnalistlər susmamalıdır. Media hər iki ölkədə faktlara əsaslanan, manipulyasiyanı ifşa edən, emosiyadan uzaq analitik materiallarla bu kampaniyanın əsassızlığını göstərməlidir.

Hakimiyyət orqanları susmamalıdır. Diplomatik kanallar, rəsmi bəyanatlar və zəruri hallarda konkret hüquqi addımlar vasitəsilə bu cür kampaniyaların institusional səviyyədə cavablandırılması vacibdir.

Hər kəs öz imkanı daxilində, öz alətləri ilə hərəkət etməlidir.

Bir millət, iki dövlətə qarşı informasiya savaşı, Azərbaycanla Türkiyəni kim ayırmaq istəyir?

Bəzən iki qardaşı, iki qardaş ölkəni qarşı-qarşıya qoymaq üçün bir cümlə kifayət edir. Bir video, bir saxta hesab minlərlə adama çatır. Sosial medianın da əsas xüsusiyyəti odur ki, bu müstəvidə insanlar mübahisə edir. Dost dosta şübhə ilə baxır. Əsl hədəf isə görünməz qalır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında sosial mediada baş verənlərə məhz bu prizmadan baxmaq lazımdır. Məsələ iki dövlət arasındakı münasibətlərin cəmiyyətlər səviyyəsində necə qorunmasıdır.

Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı mübarizə üzrə müvəqqəti komissiyası sentyabrın 26-da Türkiyə ərazisindən sosial media vasitəsilə Azərbaycana qarşı koordinasiyalı informasiya kampaniyası aparıldığını açıqladı. Komissiyanın məlumatına görə, kampaniyada hədəfli reklamlar, real və saxta sosial media hesablarından istifadə olunub və məqsədlərdən biri Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq, cəmiyyətdə inamsızlıq və qütbləşmə yaratmaq olub.

Azərbaycan Media və Yayım Şurası da Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirə biləcək əsassız və qərəzli iddiaların yayılmasından narahatlığını bildirib.

Bu yanaşmalar qardaşlığa sadiqlikdir. Qardaş Türkiyənin rəsmi qurumları isə hələlik mövqe bildirmir. Təbii ki, inanırıq ki, ən kəskin reaksiyanı Türkiyə verəcək.

Sonda bir məqama mütləq toxunmaq istərdik, “Əgər Türkiyə belə düşünürsə, Azərbaycan da mütləq belə düşünməlidir” yanaşması dövlətlərarası münasibətləri zəiflədir. “Azərbaycan bunu etdi, deməli Türkiyə də bunu etməlidir” yanaşması da yanlışdır. Bir millət, iki dövlət demək iki dövlətin bir-birinin dövlətçilik hüququnu ləğv etməsi yox, bir millət, iki dövlət, iki dövlətin bir-birinin gücünə çevrilməsi deməkdir.

Əgər bir platformadan Azərbaycan-Türkiyə münasibətlərini sistemli şəkildə hədəf alan kampaniya aparılırsa, bunun qarşısının alınması üçün hüquqi və institusional mexanizmlər işləməlidir.

Modern Təhlil və Analitik Qrupu

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir