Modern.az

"Toyuna 12 gün qalmış şəhid oldu" – Şəhid Anarın hekayəsi - FOTOLAR

"Toyuna 12 gün qalmış şəhid oldu" – Şəhid Anarın hekayəsi - FOTOLAR

Qarabağ

Bu gün, 10:37

Müharibənin 7-ci günü...

Artıq bir həftə idi ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşürdü. Bu günlər ərzində neçə-neçə Vətən oğlu şəhadətə yüksəlmişdi. Həmin igidlərdən biri də Anar Tağıyev idi.

Şəhid Anar Tağıyevin atası Zakir Tağıyev oğlunun vətənpərvərliyindən, hərbçi olmaq istəyindən və son görüşlərindən Modern.az-a danışıb.

Zakir bəy deyir ki, Anarın hərbçi olmaq arzusu hələ Aprel döyüşləri zamanı yaranıb.

1552733

“Anar əsgərliyə gedəndə Aprel döyüşləri başlamışdı. Tərxis olunub evə qayıdanda dedi ki, mən hərbçi olacağam. Qoymadım, yanımda iş tapdım. Amma Anar dinc dayanmadı. Dedi: “Yox, ata, bu işlər mənlik deyil”. Elə hərbə də gedib çıxdı”.

Zakir bəy oğlunun bu qərarı ilə fəxr etdiyini deyir. Anarın uşaqlıqdan vətənpərvər olduğunu vurğulayan ata onun özünə örnək seçdiyi qəhrəmanlardan da danışıb.

“Anar uşaqlığından çox vətənpərvər uşaq olub. Mübariz İbrahimov onun üçün bir yol göstərən idi. Otağında Mübarizin şəklini asmışdı. Elə hey baxıb deyirdi: “Mən də sənin kimi olacağam. Vətən yolunda canımdan keçəcəyəm”.

Polad Həşimov şəhid olanda da dinc dayanmadı”.

Zakir bəy bu sözləri deyərkən göz yaşlarını saxlaya bilmir:

“Oldu, Anar balam arzularına qovuşdu. İndi otağında asılı olan Polad Həşimovla Mübariz İbrahimovun şəkillərinin yanında bir də özü – Anar Tağıyev asılıb”.

Şəhidin atası oğlunun nişanlı olduğunu da xatırlayır:

“Otağından söz düşmüşkən, Anar balam nişanlı idi. Oktyabrın 15-i toyu olacaqdı. Üzüyü də otağındadır”.

1552736

“Ata, başını dik tut, oğlun qəhrəman olacaq”

Anarın atası ilə son görüşü sentyabrın 25-də olub. Həmin görüş zamanı oğlu atasına son sözlərini deyib.

“25-i görüşdük. Dedim, nə məsələdir? Dedi: “Ata, başını dik tut, oğlun qəhrəman olacaq”.

Həqiqətən, mənim balam çox qorxmaz kişi idi. Tək canıyla 10 ermənini məhv edəcək gücə malik idi.

İki oğlum da müharibədə idi. Anardan narahat deyildim. Elə o da məni əmin edirdi ki, hər şey yaxşıdır, Əlidən də narahat olma”.

Zakir bəy deyir ki, Anar sanki şəhid olacağını hiss edirdi.


1552735

“Hərbi yoldaşları deyirdilər ki, bizi danlayırdı: “Qorxaq, tülkü kimi qaçıb gizlənmək yoxdur. Sonuna qədər qabaqda vuruşacağıq. İşdir, şəhid olsaq, şəhidlikdən uca zirvəmi var?”

Belə deyib qabağa atılırmış.

Yoldaşları məni onun şəhid olduğu yerə də aparmışdılar”.

“Bəlkə də balamın olduğu yerdə xoşbəxt olduğunu hiss edirdim”

Zakir bəy oğlunun şəhid olduğunu Anara zəng çatmayandan sonra öyrənib.

“Hərbi komissarlığa getdim. Dedilər ki, bir-iki saata sizə məlumat verəcəyik. Sonra zəng gəldi. Getdim, Anar balamı götürüb gəldim.

1552737

Mən normalda səbrsiz biriyəm. Amma o qədər səbrli yanaşırdım... Bəlkə də balamın olduğu yerdə xoşbəxt olduğunu hiss edirdim”.

Şəhid atasının sözlərinə görə, illər keçsə də, övlad itkisinin ağrısı azalmır.

“Bu acı, bu qəm keçmir. Hər səhər darvazanı açanda həyəcanla arxasına baxıram ki, Anar balam birdən gələr.

Biz onunla dost kimi idik. İndi də gecələr yuxuma girib mənimlə söhbət edir”.

“Anarım, mən onları bağışlamazdım, amma neynək, sən istəyirsən...”

Zakir bəy oğlunun yuxularına gəlməsi ilə bağlı yaşadığı bir hadisəni də danışır.

“Mən bəzi adamlardan, qapımı açıb içəri girməyən insanlardan incimişdim. Onlar sonradan gələndə də xoş rəftar etmirdim. Bala ağrısı çox çətindir.

Bir gün səhərə yaxın yuxuya getmişdim. Anar yuxuma gəldi. Dedi: “A kişi, evə gələnlərlə elə rəftar eləmə. Bilirəm, mənə görə belə həssassan, amma mən istəmirəm, ata”.

Yuxudan oyandım, özümə yer tapa bilmədim. Elə saat 5-6 olardı. Getdim məzarına. Baxdım-baxdım, ağladım. Dedim ki, “Anarım, mən onları bağışlamazdım, amma neynək, sən istəyirsən”.

Zakir bəyin sözlərinə görə, Anar ailə üzvlərinin yuxusuna tez-tez girir. Onun bacısının yuxusuna girərək nişan üzüyünü istəməsi və üzüyün anasının ovcuna qoyulmasını tələb etməsi də ailə üçün olduqca təsirli anlardan biri olub.

Zakir bəylə söhbət zamanı bir daha hiss olunur ki, şəhid oğlunun yoxluğu onun həyatından bir gün belə silinmir. O, hər gün oğlunun məzarı ilə söhbət edir, onu xatırlayır, yuxularında onunla görüşür.

Tağıyevlər ailəsinin isə daha bir Anarı var. Əmisinin adını daşıyan balaca Anar Zakir bəyə hər addımda öz Anarını xatırladır.

1552739

Şəhid Anar Tağıyev

Anar Tağıyev 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.

O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

Anar Tağıyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

O, 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Anar Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Lamiyə Cənnətzadə

1552734

 

1552737

1552740

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər