Modern.az

Apteklərdə maskaların qiyməti QALXDI

Apteklərdə maskaların qiyməti QALXDI

24 Fevral 2020, 16:24

Çində aşkarlanmış koronavirus bütün dünyanı narahat etməkdədir. Sürətlə yayılan bu virusdan ölənlərin sayı günü-gündən artır.

 

Son günlər qonşu İranda bu təhlükəli virusun yayılması və 12 nəfərin koronavirusdan ölməsi Azərbaycanda narahatlıqla qarşılanır.

Bu da ölkədə qripdən, müxtəlif viruslardan qorunmaq üçün istifadə olunan tibbi maskaların satışı məsələsini gündəmə gətirib. Hətta bəzi apteklər var ki, orada tibbi maskaların satışında süni qiymət artımı özünü göstərir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, adi günlərdə 5-10 qəpiyə satılan maskalar, indi hətta 50 qəpiyə, 1 manata da satılır. Bir sıra apteklərdə isə artıq maska qalmadığı bildirilir.

 

Modern.az məsələni dəqiqləşdirmək üçün paytaxtdakı bir neçə apteklə əlaqə saxlayıb.

 

Buta aptek: “Hal-hazırda 5 gündür ki, aptekdə maska yoxdur”.

 

Zəfəran aptek: “Son günlərlə müqayisədə maskalara təlabat artıb. Qiymətində artım yoxdur, əvvəl necə satılırdısa, indi də 10 qəpiyə satılır”.

 

Zeytun aptek: “Bəli müəyyən təlabat var. Demək olar ki, gün ərzində xeyli sayda maskalarımız satılır”.

 

“Caspian” aptek: “Elə də ciddi təlabat yoxdur. Əvvəl necə, indi də eyni vəziyyətdədir. Maskalara təlabatın olması da hava ilə bağlı olan bir şeydir. Qiymətə gəlincə isə artım müşahidə edilmir”.

 

Həyat aptek: “Son bir neçə gündən bəri təlabat çox artıb. Hazırda satışda maska qalmayıb. Əvvəl 10 qəpiyə satılan maska, indi 20 qəpiyə satılır”.

 

Loğman aptek: “Çox böyük təlabat var. Bizim aptekdə maska əvvəl 10 qəpiyə satılırdısa, indi isə 25 qəpiyə satılır. Təbii ki, bu qədər də təlabatın olmasına səbəb insanlarda müəyyən qorxu hissinin yaranmasıdır. Tibbi maskalar virusla mübarizədə ən yaxşı vasitələrdən biridir ”.

 

Vita aptek: “Təlabat çox  böyükdür. Bizdə əvvəl 10 qəpiyə satılırdı, hazırda isə 20 qəpiyə satılır”.

 

Şərq aptek: “Son günlər tibbi maskalara təlabat çoxalıb. Hazırda bizdə maskaların qiyməti 20-25 qəpik arasında dəyişir. Əvvəl isə 10 qəpik idi ”.

 

Hippokrat aptek: “Bəli kifayət qədər təlabat var. Əvvəl 10 qəpiyə satılırdı, indi isə 20 qəpiyə satılır”.

 

"Elite" aptek: “ Təlabat çox yüksəkdir. Əvvəllər 10 qəpik idi, indi isə 20-25 qəpiyə satılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır