Modern.az

Xarici diplomatların Azərbaycanda qeydiyyatı dəyişir – YENİ QAYDA

Xarici diplomatların Azərbaycanda qeydiyyatı dəyişir – YENİ QAYDA

Ölkə

Bu gün, 14:01

 

Azərbaycanda xarici diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin və onların ailə üzvlərinin qeydiyyatı yeni qaydada həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan aşağıdakı şəxslər müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınacaqlar:

xarici dövlətlərin diplomatik nümayəndəlik və konsulluqlarının əcnəbi və ya vətəndaşlığı olmayan əməkdaşları;
beynəlxalq təşkilatların orqan, bölmə və nümayəndəliklərinin heyət üzvləri;
həmin şəxslərlə birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri;
Azərbaycana diplomatik və ya xüsusi missiya ilə səfər edən şəxslər.

Qeydiyyat zamanı həmin şəxslərə Azərbaycandakı statusunu və qeydiyyatını təsdiqləyən vəsiqə veriləcək.

Vəsiqələrin fərdi qaydada doldurulması və təqdim edilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək. Qeydiyyata alınan şəxslər barədə məlumatlar avtomatik olaraq Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək.

Qeydiyyat vəsiqəsinin təsviri, texniki göstəriciləri və nümunəsi, eləcə də qeydiyyatın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.

Dəyişikliklə rəsmi səfər vizası verilən şəxslərin siyahısı da dəqiqləşdirilir. Bu kateqoriyaya aid əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti qalma müddəti əvvəlki kimi yeni viza verilməsi yolu ilə uzadılacaq.

Layihənin məqsədi diplomatların və onların ailə üzvlərinin qeydiyyat prosedurlarını dəqiqləşdirmək, məlumat mübadiləsini avtomatlaşdırmaq və bu sahədə rəqəmsal xidmətlərin tətbiqini genişləndirməkdir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı